“Novaya qazeta”nın baş redaktoru Ermənistan hakimiyyətini “idiot” ADLANDIRDI

10:53 / 10.10.2020
1624

Rusiyanın “Novaya qazeta” nəşrinin baş redaktoru Dmitri Muratov qəzetin müxbiri İlya Azarın Şuşa və Xankəndindən hazırladığı səs-küylü reportajdan sonra Ermənistandakı akreditasiyasının ləğv edilməsini “axmaqlıq” adlandırıb.

Muratov bu haqda “Exo Moskva” radiosuna müsahibəsində danışıb.

Baş redaktor deyib ki, İlya Azar hər halda regiona qayıdacaq. Çünki Ermənistanda hakimiyyət əbədi deyil və yaxın vaxtlarda orada hakimiyyətin dəyişəcəyini gözləyir.

“Mən buradakı (Rusiyadakı) Ermənistan səfirinə hörmət edirəm, onunla münasibətim var. Ona görə də öz nitqimi yumşaldacaq, amma hesab edirəm ki, Azara qarşı bu hərəkət uzaqgörənlik deyil, axmaq beynəlxalq etiketdir və hətta müharibə vaxtında pis jestdir. Xüsusən də ona görə ki, məhz müharibə vaxtı jurnalistlərlə centlmensayağı davranmaq lazımdır. Çünki bu adamlar güllə altında, atəş altında, öz həyatlarını riskə ataraq sizin yanınıza gəliblər ki, həqiqətləri çatdırsınlar”,- D.Muratov deyib.

Xatırladaq ki, İlya Azarın reportajında Azərbaycan ordusunun dəqiq raket zərbəsi ilə Şuşada qondarma rejimin rəhbəri Araik Arutyunyanın bu ilin may ayında “andiçmə” keçirdiyi mədəniyyət mərkəzinin binasını darmadağın etməsindən, həmin vaxt orada 300-ə yaxın erməni zabitinin müşavirə üçün toplanmasından bəhs edilirdi.

Habelə jurnalist cənub cəbhəsindən-Cəbrayıl istiqamətindən Gorusa qayıdan erməni könüllülərinin danışdıqlarına yer vermişdi. Erməni könüllülər deyirdi ki, onların vəziyyəti acınacaqlıdır, minlərlə itki veriblər, müdafiə xətləri darmadağın olub. Heç bir döyüş təcrübəsi olmayan gənc əsgərlər qırğına verilir və hərbi bölmələrin silah-sursat, ərzaq təchizatı tamamilə pozulub.

Baş redaktoru Muratov bildirib ki, İlya Azardan reportajdan həmin hissələri çıxarmağı istəyiblər. Qeyri-rəsmi olaraq. Rəsmi olaraq isə onun qondarma “dqr xarici işlər nazirliyində” akreditasiyadan keçmədiyini əsas gətiriblər. “Lakin Azar Dağlıq Qarabağ “XİN”-də olanda orada artıq həmin idarə mövcud deyildi. O harada qeydiyyatdan keçməliydi?”,-baş redaktor deyib.

“Orada məqalədə yazılıb ki, hərbçilər xüsusi olaraq Şuşadakı mədəniyyət mərkəzində toplaşmışdılar ki, hansısa planları müzakirə etsinlər”,-aparıcı Maksim Kurnikov deyib.

“Tamamilə mümkündür ki, onlar xüsusi olaraq yığışıblar. Mən hesab etmirəm ki, hərbçilər Şuşada fleşmob üçün bir yerə toplaşmışdı. Düşünürəm ki, onlar müharibə getdiyi üçün ora yığışmışdılar, yəqin onlara bir yerə yığışmaq vacib imiş. Və görünür hansısa satqınçılıq nəticəsində pilotsuz təyyarədən və ya digər yolla ora raket yönəldilib. Və orada hərbçilər də həlak olub. Yaxşı, onda gedin öz satqınlarınızı axtarın. Siz Azardan nə istəyirsiniz?”,-Muratov deyib.

“Bilirsiniz, məsələn, erməni tərəfi deyir: “Sizi Azərbaycan maliyyələşdirir”,-aparıcı qeyd edib.

“Deməli onlar idiotdur. Deməli Ermənistan Xİ-də oturanlar nəinki qeyri-peşəkarlardır, üstəlik həm də idiotlardır. Bax mənim deyəcəyim budur. Hansı Azərbaycan maliyyələşməsindən söhbət gedə bilər? Qoy fakt açıqlasınlar, gəlib bizim mühasibatlığa baxsınlar.  Nədir, siz ağlınızı itirmisiniz? “Novaya qazeta” Azərbaycandan maliyyə ala bilər? Başqa vaxt olsaydı mən onlara ağzıma gələni deyərdim, amma indi bu haqda zarafat belə etmək istəmirəm. Heç bir xarici dövlətdən maliyyələşmə mümkün deyil. Biz Rusiyanın bütün nəzarət orqanlarının müşahidəsi altındayıq. Hansısa xarici maliyyələşmə tapdılarsa vəssalam, “Novaya qazeta” yoxdur”,-baş redakor deyib.

0
Virtualaz.org