Ermənistanın hərbi-siyasi rəhbərliyi tərəfindən beynəlxalq hüquqa məhəl qoyulmaması çoxdan adi bir fenomenə çevrilib, lakin onun bütün sivil dünya tərəfindən qəbul edilmiş beynəlxalq hüququn qarşılığında törətdiyi cinayətlərin kreativliyi təəccübləndirməkdə davam edir.
Erməni tərəfi təkcə humanitar yardım adı ilə ölkəyə silah və sursat gətirməklə kifayətlənmir, hətta bunun üçün mülki aviasiya təyyarələrindən istifadə edir və bununla da 1944-cü ildə imzalanmış Beynəlxalq Mülki Aviasiya Konvensiyasının 4-cü maddəsini kobud şəkildə pozur. Üstəlik, Ermənistana silah çatdıran təyyarələr arasında Paşinyanın rəsmi səfərləri üçün nəzərdə tutulan dövlət bortunun da olduğu bildirilir. Bununla kuryer-qaçaqmalçılar rolunda Paşinyan hökumətinin üzvləri iştirak edir.
"Haqqın.az" saytının mənbələrinə görə, oktyabrın 3-dən 9-dək olan müddətdə, hərbi əməliyyatların davam etdiyi dövrdə, Rusiyadan Ermənistana mülki təyyarələr vasitəsilə "humanitar yardım" adı altında ümumi çəkisi 20 tondan çox olan silah və sursat daşınması həyata keçirilib. Ermənistanın Baş Nazirinin müavini Mher Qriqoryan və Xarici İşlər nazirinin müavini Şavarş Köçəryanın şəxsi təyyarələrində silah daşıması barədə artıq məlumat verilib. Ermənistanın Baş Nazirinin müavini dövlət təyyarələrindən birində Rusiyadan daşınan silah-sursatın ilk partiyasını şəxsən müşayiət edib və bunun üçün Moskvaya birgünlük "işgüzar səfər" təşkil edib. 4 oktyabrda isə eyni marşrut üzrə eyni təyyarə ikinci uçuşu həyata keçirib, lakin bu dəfə kuryer vəzifəsi həmyerlisindən fərqli olaraq, silah-sursatla tam dolmuş təyyarədə geri dönməməyi seçən Xarici İşlər nazirinin müavini Şavarş Köçəryana həvalə edilib. Hər iki halda tranzit ölkə olan Gürcüstanın müvafiq idarələrinə xəbər verilməyib və silah tədarükü rəsmi Tbilisinin hərbi yüklərin daşınması ilə bağlı hava məkanından istifadəsinin qadağan olunmasını elan etməsindən sonra həyata keçirilib.
Ancaq "humanitar" yardımlara qayıdaq. Bir tərəfdən Ermənistan ordusunun acınacaqlı vəziyyətini, kəskin silah-sursat çatışmazlığını və digər tərəfdən cinayət əməllərinə görə cəzasız qalmasını nəzərə alaraq, Ermənistan Müdafiə Nazirliyi yalnız Paşinyan hökumətinin rəsmi təyyarələrindən istifadə etməklə kifayətlənməyib, "humanitar təyyarələrini" özəl mülki təyyarələr hesabına da artırıb. İki ay əvvəl ölkənin Mülki Aviasiya Komitəsi tərəfindən ticari fəaliyyətinə qadağa qoyulmuş Ermənistan mülki daşıyıcısı "Atlantis Armenian Airlines"in lisenziyası oktyabrın 4-də tələsik olaraq yenilənib. Qadağanın səbəbi aviasiya təhlükəsizliyinə riayət edilməsinə dair aşkar edilmiş çatışmazlıqlar və Avropa İttifaqının bu şirkətin təyyarələrini qəbul etmək və göndərməkdən imtina olub.
Göndərən və tranzit ölkələrin aviasiya orqanlarını aldatmaq üzrə kifayət qədər effektiv bir təcrübəyə sahib olmalarına baxmayaraq, Rusiya silahlarının potensial qaçaqmalçılarının axtarışı davam etdirilib. Bu mənada alternativ olaraq, İrəvan - Moskva - İrəvan marşrutu üzrə fəaliyyət göstərən "Armeniya" və "Nord Star" şirkətlərinin imkanlarından istifadə edilib. Üstəlik, “Armeniya” şirkəti hadisələri sanki öncədən görürmüş kimi, “humanitar yüklərin” Dağlıq Qarabağ münaqişəsi zonasına pulsuz çatdıracağını öncədən elan edib.
Bununla yanaşı erməni iş adamları ağır yüklərin daşınması üçün Rusiya Fövqəladə Hallar Nazirliyini də bu işə cəlb etməyə çalışıblar. Bura tanklar, TOC 1A ("Solntsepek") ağır odsaçan artilleriya sistemləri və müxtəlif top qurğuları daxildir. Həmçinin siyahıda müasir Rus tank əleyhinə raket sistemləri, İqla-S daşınabilən zenit-raket kompleksi, tank əleyhinə qumbaraatanlar, pulemyotlar, bu silahlar üçün əlavə texnika və sursatlar, həmçinin "Smerch" reaktiv yaylım atəşi sisteminin daxil olduğu məlum olub.
Saytın apardığı araşdırma nəticəsində məlum olub ki, bu yüklərin arxasında, eləcə də Ermənistanın bütün silah ticarətinin arxasında, Ermənistanın Müdafiə naziri David Tonoyan özü və onun "silah qardaşları" - Müdafiə nazirinin müavini Makar Qambaryan və nazirin uzun müddətdir dostu olan, müəyyən dairələrdə geniş tanınan şəxs, silah satıcısı David Qalstyan dayanır.
David Qalstyanın adının, BMT Təhlükəsizlik Şurasının Liviya və Suriyaya silah tədarükü ilə əlaqəli hesabatlarında, həmçinin dünyanın müxtəlif bölgələrindəki silah alqı-satqısı, satılması və çatdırılması üçün maxinasiyalar və sxemlərlə əlaqəli olduğu qeyd olunur. Qalstyan nə rüşvətdən, nə də şantajdan çəkinmədən hərəkət edir, belə ki, onun arxasında nə az-nə çox Ermənistan dövlətinin özü dayanıb. Təkcə bu, Qalstyanın Rusiya Federasiyasına girişinə qadağa qoyulmasına baxmayaraq, dünya miqyasında rus silahları ilə spekulyasiya aparmağı və birbaşa "Rosoboroneksport" ilə işləməyi necə bacardığını izah edə bilər.
Mövcud Ermənistan hakimiyyətinin əsas tənqidçilərindən biri olan keçmiş Prezident Sarkisyanın kürəkəni, hazırda Rusiyada yaşayan keçmiş səfir Mikael Minasyanın verilişlərindən biri bu görkəmli silah baronuna həsr olunub. Paşinyan hakimiyyətə gəldikdən və Tonoyan nazir təyin edildikdən sonra Qalstyan yaratdığı ofşor şirkətlər vasitəsilə Ermənistan ordusu üçün silah alqı-satqısında inhisarçıya çevrildi.
Bu, dinc Azərbaycan əhalisini hədəf alan müxtəlif növ hücum silahları, raketlər və mərmilər üçün onun hazırkı qızğın axtarışını izah edir. Qalstyanın imkanları da yetərincədir - o bu işdə yalnız Rusiyada deyil, həm də Serbiya, Bolqarıstan, Çin, Qazaxıstan, Çex Respublikası və Birləşmiş Ərəb Əmirliklərində lazımi əlaqələri çoxdan qurub.
Mənbələrimizin verdiyi məlumata görə, son zamanlar Qalstyanın emissarlarının Qazaxıstandan raket və artilleriya sursatlarının alınması barədə danışıqlar aparmağa çalışdığı müəyyənləşib.
Məqalə hazırlanarkən Azərbaycan tərəfinin Ermənistanın mülki təyyarələrdən istifadə edərək Ermənistana silah tədarükü faktlarını araşdırmaq istəyi ilə Beynəlxalq Mülki Aviasiya Təşkilatı olan "ICAO"ya müraciət etdiyi məlum oldu.
Sadalananlar Ermənistanın qonşularının etimadından sui-istifadə edərək beynəlxalq hüquq qaydalarının müəyyən edilmiş qaydalarına laqeyd yanaşması, beynəlxalq hüquq normalarına zidd davranmasına dair ilk faktlar deyil. Onlar döyüş meydanında özünü eyni şəkildə aparır, təcili yardım maşınlarında cəbhə bölgəsinə mərmi və sursat çatdırır.