Təhsil Nazirliyindən dərslik çatışmazlığıyla bağlı AÇIQLAMA

ÖLKƏ
20:34 / 13.10.2020
748

Sentyabrın 15-dən ibtidai, oktyabrın 1-dən isə V-IX siniflər üçün əyani təhsilə start verilsə də, dərsliklərin tam təminatında problem olduğu ilə bağlı şikayətlər var. Bəzi valideynlər bildirirlər ki, siniflərdə bütün şagirdlərə dərslik çatmır.

Məsələ ilə əlaqədar Təhsil Nazirliyindən HİT.Az-a bildirilib ki, nazirlik tədris ilinin başlanmasına 6 ay qalmış yerli təhsili idarəetmə qurumlarının təqdim etdiyi hər bir rayon (şəhər) üzrə bütün dövlət ümumi təhsil müəssisələrinin (lisey, gimnaziya, internat, məktəb və s.) 2020-2021-ci tədris ilinə dərslik tələbatı proqnoz məlumatları əsasında bütün dövlət ümumi təhsil müəssisələrini (lisey, gimnaziya, internat, məktəb və s.) yeni tədris ili ərəfəsində dərsliklərlə tam təmin edib: “Əgər hardasa dərsliklərin təminatında çatışmazlıqların olduğu iddia olunursa, ola bilsin ki, həmin ərazinin ümumi təhsil müəssisələri dərsliklərlə təmin olunduqdan sonra əhalinin həmin əraziyə miqrasiyası nəticəsində, yaxud şagird yerdəyişmələri hesabına təhsil müəssisələrinin şagird sayında artım olub və bu da nəticədə həmin təhsil müəssisələrində yeni tədris ilinin əvvəlində dərslik çatışmazlığına səbəb olub”. 

Qeyd edilib ki, tədris ilinin əvvəlində bu və ya digər səbəblərdən ümumi təhsil müəssisələrində dərslik çatışmazlığı yarandığı təqdirdə bu çatışmazlıq ilkin olaraq, həmin ərazidə yerləşən ümumi təhsil müəssisələri arasında dərslik mübadiləsi yolu ilə aradan qaldırılır: “Bu mümkün olmadıqda, çatışmazlığın aradan qaldırılması üçün yerli təhsili idarəetmə qurumları tabe olduqları üst-qurumlara (Bakı Şəhəri üzrə Təhsil İdarəsinə, Ərazi maliyyə hesablaşma mərkəzlərinə) müraciət edir. Həmin müraciətlər əsasında ümumi təhsil müəssisələrində yaranmış dərslik çatışmazlığı hər bir tədris ilinin əvvəlində üst-qurumlara ayrılan dərslik ehtiyatı hesabına təmin olunur.

Əgər yaranmış dərslik çatışmazlığının təminatında məsul qurumların məsələyə laqeyd yanaşması müşahidə edilərsə, o zaman Təhsil Nazirliyinin "Qaynar Xətt" Xidmətinə müraciət etməklə və ya [email protected] elektron poçtuna yazmaqla, dərslik çatışmazlığı haqqında Nazirliyə məlumat verilməsi tövsiyə edilir. Müraciət zamanı məktəb, sinif və dərsliyin adı mütləq bildirilməlidir”.

2