Kanadada bir qrup erməni Azərbaycana dəstək məqsədilə konvoy təşkil edən azərbaycanlı və türklərə hücum ediblər.
HİT.Az xəbər verir ki, hücumla bağlı görüntülər sosial şəbəkələrdə paylaşılıb. Belə ki, Montrealda bir qrup erməni Azərbaycan və Türkiyə bayraqları ilə bəzədilən avtomobillərə hücum edərək, şüşələrini sındırıb və hadisə yerindən qaçıblar. Zərərçəkmiş avtomobillərin görüntüsünü paylaşan Türkiyə vətəndaşı, "Cana deyil, mala gəlsin. Vətəni müdafiə etmək hər şeyə dəyər", ifadəsini yazıb.
Toronto şəhərində isə konvoy təşkil edən ermənilər yol kənarında etiraz edən türkə hücum ediblər. Hadisə ətrafdakılar tərəfindən lentə alınıb. Həmçinin bir azərbaycanlının avtomobilinə zərər veriblər.
Türkiyənin Kanadadakı səfiri Kerim Uras açıqlamasında bu hücumlarla bağlı rəsmi dairələrə məlumat verdiklərini bildirib.
"Ölkəmizə, qardaş Azərbaycana, kanadalı türklərə və azərbaycanlılara qarşı nifrət dolu hislərdən bəslənən və xüsusən Kanada cəmiyyətində yeri olmayan bu zehniyyətə göz yumulmaması istiqamətində gözləntilərimizi Kanada rəsmilərinin diqqətinə çatdırmağa davam edəcəyik", - deyə səfir bildirib.