Gəncənin balaca qəhrəmanı (VİDEO)

ÖLKƏ
17:50 / 13.10.2020
1231

Erməni silahlılarının Gəncədə törətdiyi terrordan zərər çəkənlərdən biri də 5 yaşlı Bəxtiyar Heydərlidir.

"Report"un xüsusi müxbirinin məlumatına görə, B.Heydərli həmin gecə atılan raket zərbəsi zamanı yatmış vəziyyətdə olub və dağıntılar altında qalaraq ciddi xəsarətlər alıb.

Atası Elnur Heydərov həmin gecənin qorxunc olduğunu bildirib: "Yatdığımız yerdə ev başımıza uçdu, tez durduq və uşaqları götürdük. Onlar qorxmuşdular. Oğlum yaralanmışdı. Hazırda ailə üzvlərim yaxşıdır. Allah qonşularıma rəhmət eləsin. Cavan ailələrin başçıları rəhmətə getdi, körpə uşaqlar yetim qaldı. Allah əsgərlərimizin və Prezidentimizin canını sağ eləsin. Biz qorxmuruq və öz Vətənimizi qoruyuruq. Balamla fəxr edirəm ki, onun üzündəki təbəssümü şəhid olan generalımız Polad Həşimovla birlikdə qoyublar. İkisi də gülərüzdür. Oğlumla qürur duyuram. Qələbə bizimlədir, Qarabağı düşməndən alacağıq. Allah erməniyə lənət eləsin. Bəxtiyarın gülümsəməyi o deməkdir ki, biz qələbə çalacağıq. Ey ermənilər, siz heç kimsiniz. Vətən bizimdir, biz haqq yolundayıq, haqq yolunda və öz torpaqlarımız uğrunda döyüşürük. Bizə heç kimin artıq torpağı lazım deyil. Öz vətənimiz, torpağımız bizə yetər. Biz hərbçilərimizlə fəxr edirik. Hər gün onları fikirləşir, onlardan danışırıq".

Lalə Heydərova isə hadisənin gecə saat 01:55-də baş verdiyini söyləyib: "Aynalar və hər şey üstümüzə töküldü. Uşaqlarla birlikdə yatmışdıq. Atəş səsləri gəlirdi, uşaqları yanıma yığmışdım ki, qorxmasınlar. Həqiqətən qorxmadılar. Mən çox bəxtiyar anayam ki, Azərbaycan dövlətində Bəxtiyar kimi oğullar böyüyür. Allah başda Prezidentimiz olmaqla, dövlətimizə, xalqımıza can sağlığı versin. Bəxtiyar heç nədən qorxmadı, bizi dağıntılar altında çıxardanda dedi ki, mən qorxmuram, sən də qorxma. Dedi ki, bacımı qoruyuram. Bəxtiyarın başı çapılmışdı, burnu qanamışdı, qulağı ikiyə bölünmüşdü. Bəxtiyar qorxmurdu, çünki biz qorxmaz millətik. Qarabağ bizimdir. Qarabağ Azərbaycandır!"

0