Bayrağına qovuşan Hadrut - VİDEO

ÖLKƏ
18:28 / 14.10.2020
1264

Hadrutun işğaldan azad edilməsi Qarabağa gedən qapının açılması deməkdir. Hadrut dərənin, vadinin sonunda yerləşən yaşayış mərkəzidir. Ora nəzarətin ələ keçirilməsi ilə hətta Məlikcan yüksəkliyi də ermənilər üçün əhəmiyyətini itirir.

Hadrutdan və onun ətrafında olan yüksəkliklərdən daha aşağıda yerləşən Xocavənd və Füzuli rayonlarının bir sıra kəndlərini o cümlədən Qozluçay dərəsini və Cəbrayıldan Füzuliyə doğru olan kəndləri Azərbaycan ordusunun nəzarətində saxlamaq mümkündür.

Hadrutun Dağlıq Qarabağ inzibati ərazi vahidi olduğunu nəzərə alaraq Azərbaycan ordusunun Dağlıq Qarabağa nəzarət etdiyini deyə bilərik.

Təsadüfi deyil ki, separatçı rejimin rəhbəri Araik Arutunyan özü də Hadruta səfər edib, döyüş ruhunu qaldırmaq üçün əsgərlərlə görüşmüşdü. Bu səbəbdən də deyə bilərik ki, bu qədər vacib mövqeyi itirəndən sonra erməni silahlıları indi ruh düşkünlüyü içindədir.

Hadrut qəsəbəsi iqtisadi baxımdan da olduqca əlverişlidir. Bu qəsəbə coğrafi relyef baxımından sıx meşələri və çayları ilə zəngindir. İşğaldan əvvəl həmin ərazilər kurort zonası olub və ilin bütün fəsillərində həmin ərazilərə turistlər gəlib. Bundan başqa kənd təsərrüfatı mütəxəssisləri deyir ki, iqtisadi baxımdan Hadrut qəsəbəsinin imkanları böyükdür. Tarixə nəzər salsaq görərik ki, ermənilər ora XIX əsrdə köçürülüb, o vaxtadək isə onları Hadrutla heç nə bağlamır.

Xatırladaq ki, Hadrut qəsəbəsi Dağlıq Qarabağ bölgəsinin Xocavənd rayonuna daxildir. Bu qəsəbə Ermənistan silahlı qüvvələri tərəfindən 1992-ci ilin oktyabrın 2-də işğal edilib.

1
oxu.az