Cəbrayıl rayonu 1993-cü ilin avqustunda işğal olundu. 27 il sonra, 2020-ci ilin oktyabrında isə şanlı Ordumuz rayonu işğaldan azad etdi. Əminik ki, Cəbrayıl rayonu bu dəfə əbədi azadlığına qovuşdu!
Axar.az xəbər verir ki, bu fikirləri Füzuli rayonundan seçilən millət vəkili, iqtisadçı alim Vüqar Bayramov qeyd edib.
“Böyük iqtisadi və turizm potensialına malik, 81 min nəfər sakini olan Cəbrayıl rayonunun sahəsi 1049.8 kvadrat metrdir. Rayonda kənd təsərrüfatının inkişafı üçün geniş imkanlar var. Keçmiş SSRİ dövründə şərab zavodu olan Cəbrayıl rayonunda hətta ötən əsrin əvvəllərində 21 sort üzüm yetişdirilib. İşğaldan əvvəl sözügedən rayon 60 min tondan çox üzüm yetişdirirdi. Rayonda 8 sənaye müəssisəsi var idi. 97 yaşayış məntəqəsi olan Cəbrayıl rayonu nadir xammal ilə, mərmər və başqa tikinti materialları ehtiyatları, dəmir filizi ilə zəngindir.
Dəniz səviyyəsindən 434 metr yüksəklikdə yerləşən Cəbrayıl rayonu cəlbedici dağlıq ərazilər, 104 kəhriz və 99 bulaq ilə böyük turizm potensialına malikdir. İşğalçı erməni quldurlarının etdikləri dağıntılara rəğmən çoxlu sayda tarixi-dini abidələri olan Cəbrayıl rayonunun xaricdən də turistlər cəlb etmək imkanı olacaq.
“Cəbrayıl ata” adı ilə məşhur olan məqbərənin uzunluğu 4,5 metr, eni 2,4 metr, hündürlüyü 1,8 metrdir. Həmin məqrəbədə qədim yaşayış yerlərinin izləri indi də qalmaqdadır.
Göründüyü kimi, işğaldan azad olunan ərazilərimizin böyük iqtisadi potensialı var. Bu da ölkənin gələcək iqtisadi inkişafı baxımdan vacib şərtlərdən hesab olunur.
Qarabağ Azərbaycandır!” - deputat bildirib.