Türkiyə mətbuatı Ermənistanın xain hücumuna məruz qalan Tərtərdə yaşayan 65 yaşlı Nazilə Təhməzovadan yazıb.
Düşmən tərəfindən atılan raketlərdən biri onların evini dağıdıb.
N.Təhməzova deyir ki, o həkimdir, bütün təhlükələrə baxmayaraq, əsgərlərə və yerli sakinlərə xidmət etmək üçün rayonu tərk etmək niyyətində deyil.
150 min sakinin yaşadığı Tərtər artıq günlərdir Ermənistan ordusunun hücumuna məruz qalır. Amma buna baxmayaraq, tərtərlilər düşmənin törətdikləri hərbi cinayətlərdən qorxmurlar. N.Təhməzova əlavə edib ki, həyat yoldaşı Ramiz Hüseynov mühəndisdir. Ötən gün Ermənistandan atılan top onların evlərini də dağıdıb. Qadın Azərbaycan öz torpaqlarını işğaldan azad edəndən sonra həyat yoldaşı ilə birgə dağıdılmış evlərinin tikintisi ilə məşğul olacaqlarını qeyd edib.
"Tərtərliləri belə hücumlarla qorxutmaq olmaz. Çünki biz güclü ordumuza güvənirik. Bu ağır günlərdə Türkiyənin dəstəyi bizim üçün çox əhəmiyyətlidir", - deyə Təhməzova yekunlaşdırıb.