Mərkəzi Bankın müraciətindən sonra "Azərsığorta" şirkəti Masallı filialının direktorunu yalan məlumat verdiyi üçün cəzalandırıb.
Hit.Az xəbər verir ki, bu barədə "MediaPost"a sığorta eksperti İlkin İbrahimov məlumat verib. Onun sözlərinə görə, 2017-ci ilin dekabr ayının 2-də Masallı rayon Ərkivan kənd sakini Rüfət Məmmədova məxsus ev yanıb. Vətəndaş sığorta şirkətinə müraciət etsə də, "Azərsığorta"nın Masallı filialının direktoru Böyükağa Maliyev sığorta ödənişindən yayınmaq üçün şirkətə yalan məlumat verib. O, vətəndaşa məxsus digər evin yanması ilə bağlı baş ofisə bir neçə dəfə rəsmi məlumat verib. Nəticədə vətəndaş 3 il süründürməçiliklə üzləşib.
R.Məmmədov məsələ ilə bağlı Azərbaycan Mərkəzi Bankına (AMB) müraciət edib. AMB-nin göstərişindən sonra sığorta şirkətinin hadisələr departamentinin nümayəndəsi bu ilin oktyabrın 9-da hadisə yerində olub və yanğının həqiqətən baş verdiyini təsdiqləyib. Oktyabr ayının 13-də vətəndaşa bununla bağlı 3050 manat məbləğində sığorta ödənişi təyin edilib.
Baş vermiş sığorta hadisəsi ilə əlaqədar sığorta şirkətinə həqiqətə uyğun olmayan məlumat verdiyi və sənədləri düzgün rəsmiləşdirmədiyi üçün "Azərsığorta"nın İdarə Heyətinin qərarı ilə oktyabr ayının 16-da Masallı filialının direktoru B.Maliyevə şiddətli töhmət verilib.