Böyük Britaniyanın “The Telegraph” qəzetində “Dağlıq Qarabağda sülhün təmin olunmasının əsas yolu Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsidir” sərlövhəli məqalə dərc olunub.
HİT.Az xəbər verir ki, məqalədə Ermənistan ilə Azərbaycan arasında 30 ilə yaxındır davam edən münaqişənin tarixi, Azərbaycana qarşı ərazi iddiaları sürən Ermənistanın hərbi təcavüzü nəticəsində Azərbaycan ərazisinin 20 faizinin işğal olunması, Dağlıq Qarabağda və ona bitişik rayonlardakı azərbaycanlıların öz daimi yaşayış yerlərindən məhrum edilərək məcburi köçkünə çevrilməsi, eləcə də bu münaqişə ilə bağlı həqiqətlərin düzgün və dolğun şəkildə dünya ictimaiyyətinə çatdırılması ilə bağlı görülən işlər öz əksini tapıb.
Məqalədə beynəlxalq KİV-lərdə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətlərin işıqlandırılması zamanı bəzilərinin yanlış olaraq bu münaqişəni “mübahisəli Dağlıq Qarabağ anklavı” kimi təqdim etdikləri bildirilir.
Qeyd edilir ki, bu münaqişə nəticəsində 800 mindən çox Azərbaycan vətəndaşı məcburi şəkildə öz evlərindən didərgin salınıb, dinc sakinlər qətlə yetirilib və mülki infrastruktur məhv edilib. Münaqişə nəticəsində Azərbaycan tarixboyu üzləşdiyi ən böyük humanitar böhranla üz-üzə qalıb.
Sülhün əldə olunması üçün vaxtın çoxdan yetişdiyini vurğulayan müəllif qeyd edir ki, belə bir sülh yalnız hər iki tərəfin xoş niyyətlə apardığı danışıqlar vasitəsilə mümkün ola bilər. Beynəlxalq ictimaiyyət başa düşməlidir ki, Azərbaycan ərazilərinin bir hissəsi işğal olunub və tərəflər arasında baş tutacaq hər hansı danışıqların obyekti məhz işğal olunmuş həmin ərazilərin geri qaytarılmasıdır.
Müəllif Dağlıq Qarabağın bəzən “mübahisəli anklav” kimi təqdim edilməsinin yanlış olduğunu vurğulayaraq, Ermənistanın işğal etdiyi Dağlıq Qarabağ bölgəsinin və onun ətrafındakı yeddi rayonun bütün dünya ictimaiyyəti tərəfindən Azərbaycan ərazisi kimi tanındığını bildirir. Həmçinin 30 ilə yaxındır ki, Birləşmiş Millətlər Təşkilatı tərəfindən Dağlıq Qarabağ da daxil olmaqla Azərbaycanın ərazi bütövlüyünü təsdiqləyən və Ermənistan silahlı qüvvələrinin Dağlıq Qarabağ ərazisindən dərhal çıxarılmasını tələb edən dörd qətnamənin qəbul edildiyi vurğulanır.
Məqalədə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin dini mahiyyət daşıması ilə bağlı fikirlərin də tamamilə yanlış olduğu bildirilir. Müəllif əhalisinin əksəriyyəti müsəlman olan Azərbaycanda əhalisinin əksəriyyəti xristian olan Ermənistandan fərqli olaraq böyük yəhudi və xristian icmalarının, eləcə də müxtəlif konfessiyaların nümayəndələrinin tarixboyu dinc yanaşı yaşadıqlarını qeyd edir.
Məqalədə, həmçinin Dağlıq Qarabağ bölgəsinin Azərbaycanın gözəl təbiətə və mədəni irsə malik olduğu, lakin erməni işğalı altında olan həmin ərazilərdə Azərbaycana məxsus tarixi keçmişin əlamətlərini silmək və tarixi dəyişdirmək məqsədilə bir çox abidələrin və memarlıq nümunələrinin dağıdıldığı qeyd olunur.
Müəllif yazır ki, sülhün əldə olunması üçün vaxt çoxdan yetişib və bu sülh üç şeydən asılıdır. Birincisi, bu münaqişə ilə bağlı həqiqətlər barədə dünya ictimaiyyətinə daha geniş və dolğun məlumatın çatdırılmasıdır. İkincisi, münaqişənin həll yolunun tapılmasında beynəlxalq ictimaiyyətin səylərinin daha da artırılmasıdır. Üçüncüsü isə sülhün əldə olunmasının əsas yolunun Azərbaycanın ərazi bütövlüyünün bərpası ilə mümkün olduğunun qəbul edilməsidir.