“Görüşlərimiz faydalı oldu” - Ceyhun Bayramov

SİYASƏT
10:11 / 24.10.2020
923

"Rəsmi olaraq ABŞ-ın Dövlət katibi Mayk Pompeonun dəvəti ilə Birləşmiş Ştatlar həmkarlarımla birlikdə səfər etdim. ABŞ-ın Dövlət katibi Mayk Pompeo görüş keçirdim.

Təbii ki, əsas müzakirə mövzusu Ermənistan-Azərbaycan Dağlıq Qarabağ problemi oldu. Hazırda mövcud vəziyyət, problemin həlli yolları ilə bağlı potensial fikir mübadiləsi aparıldı. ABŞ Minsk qrupunda həmsədr ölkələrdən biridir. ABŞ tərəfindən də bu məsələyə olan maraq, vasitəçilik təklifləri və məsələnin həlli istiqamətində addımlar müzakirə edildi. Sonra ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə köməkçisi Robert Obrayn, ABŞ-ın Nümayəndələr Palatasının spikeri Nensi Pelosi, ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşlər keçirdim.

Hesab edirəm ki, Azərbaycan reallıqlarının, Azərbaycanın haqlı mövqeyinin qarşı tərəfə çatdırılması, onun ətrafında faydalı müzakirələr həyata keçirilməsi baxımından görüşlərimiz faydalı oldu".

HİT.Az xəbər verir ki, bu sözləri Vaşinqtonda jurnalistlərə müsahibəsində Xarici İşlər naziri Ceyhun Bayramov söyləyib. Nazir deyib: “Təbii ki, biz realist olmalıyıq. Otuz illər ərzində yığılmış problemlərin bir görüş zamanı həlli mümkün deyil. Ancaq biz hər zaman göstərmişik ki, Azərbaycan tərəfi konstruktivdir. Azərbaycan tərəfi hər zaman məsələnin siyasi yolla həll olmasının tərəfdarıdır. Azərbaycan tərəfi, zərurət yoxdursa, hərbi əməliyyatların aparılmasını mütləq şərt kimi irəli sürmür. Hesab edirəm ki, bütün bu görüşləri keçirməyə, Azərbaycan həqiqətlərini çatdırmağa həm əsasımız var, həm deməyə sözümüz var. Mövqeyimiz də ədalətlidir. Bu baxımdan bu görüşləri faydalı hesab edirik. Böyük ehtimalla ABŞ Prezidentinə də görüşlər barədə məlumat verilib. Biz bir məsələni də nəzərə almalıyıq. Xüsusi olaraq, dövlətlər Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi barədə fikir bildirən zaman biz onu nəzərə almalıyıq ki, bu dövlətlərin bir çoxunda çox ciddi erməni lobbisi var. Erməni lobbisi bu dövlətlərin daxili siyasi prosesinə ciddi təsir edir. Bu dövlətlərin bir çoxunda seçki prosesi həyata keçirilir. Təbii ki, bu məsələlərə xüsusi diqqət verən siyasətçilər bu kimi amilləri, əfsuslar olsun ki, göz önünə gətirirlər. Onların qeyd etdiyi də məhz onlara xoş gəlmək, səslərini qazanmaqdır”.

0