Azərbaycanın məğrur və rəşadətli əsgərlərinin cəbhədə göstərdiyi qəhrəmanlıqlar və torpaqlarımızı azad etməsi xalqımızın qürur yeridir. Bu gün xüsusi qəhrəmanlıqları isə seçilən əsgərlərimizi Azərbaycan Müdafiə Nazirliyi də xalqımıza tanıdır və onların qəhrəmanlıq nümunəsini nümayiş etdirir.
Kult.az xəbər verir ki, hazırda Vətən müharibəsində iştirak edən hər bir əsgərimiz qəhrəmandır. Onların arasında məşhurların övladları, böyük nəslin davamçıları da az deyil.
Belə gənc qəhrəmanlarımızdan birinin – Yusifkamal Paşabəylinin bu gün 22 yaşı tamam olur.
Yusifkamal Türkiyədə magistr təhsili alıb. Onun Türkiyə-Azərbaycan hərbi təlimlərində iştirak edən əsgərlərin qarşısında dediyi Qarabağla bağlı şeir isə indi, onun ad günündə daha çox paylaşılır.
Yusifkamal sübut etdi ki, Türkiyədə Qarabağla bağlı dediyi şeir potetika, pafos deyil, canından-qanından gələn ruhdur. Bu gün əlinə silah alaraq Qarabağ döyüşlərinə qatılması da bu ruhun göstəricisidir.
Yusifkamal Paşabəyli həm də erməni azğınlığına və terroruna qarşı döyüşən məşhur Sultan bəy və Xosrov bəyin (Sultanovlar) qardaşları İsgəndər bəyin nəticəsidir.
Laçın elindən olan xalq qəhrəmanı Sultan bəy və Xosrov bəy 1918-1920-ci illərdə erməni quldurlarına qarşı mübarizədə xüsusilə fərqləniblər.
Sultan bəy və silahdaşları Andronikin quldur dəstəsinə divan tutub. Qarabağda Andronikin, Hamazaspin, Dronun quldur daşnak dəstələrinə öldürücü zərbələr endirib.
Tədqiqatlara görə, 1918-ci ildə erməni quldur dəstəsinin rəhbəri Andranik Dağlıq Qarabağa keçmək üçün Qarabağ general-qubernatoru Xosrov bəy Sultanova icazə məktubu göndərir. Xosrov bəy qardaşı Sultan bəylə məsləhətləşir. Sultan bəy qardaşından icazə verməsini xahiş edir. İcazə alan Andranik tez bir zamanda 30 minlik ordu ilə müsəlmanlara qarşı hücuma kecir. Hərbi təhsilə yiyələnmiş Sultan bəyin uzaqgörənliyi nəticəsində Andranikin ordusu Zabux dərəsində mühasirəyə düşür və düşmən darmadağın edilir. Deyilənlərə görə, cəmi üç nəfər erməni qacıb canını qurtara bilir, Andranik isə ələ keçir. Sultan bəyin əl-ayağına düşərək aman diləyir. Sultan bəy gülərək: “Bu qədərmi qorxursan, qorxma səni öldürməyəcəm, sənin qulağını kəsəcəm ki, qulağında qalsın, bir də başqasının malına-mülkünə göz dikməyəsən”, - deyərək onun qulağını kəsir.
Sultanovlar nəslinin davamçısı, hazırda Vətən müharibəsində iştirak edən Yusifkamalı təbrik edir və onun Azərbaycan-Türkiyə təlimləri zamanı əsgərlər qarşısındakı söylədiyi Qarabağla bağlı şeirin videosunu təqdim edirik: