Hikmət Hacıyev hərbi atteşeləri Bərdəyə səfər etməyə çağırdı

ÖLKƏ
15:21 / 28.10.2020
790

Azərbaycan Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Azərbaycanda olan hərbi atteşeləri Bərdədə erməni terrorunun nəticələrini əyani şəkildə görmək üçün Bərdəyə səfər etməyə çağırıb.

HİT.Az-ın məlumatına görə, H.Hacıyev bildirib ki, vəziyyət dəqiq öyrənildikdən sonra hərbi atteşelərə məlumat veriləcək: “Hərbi qurumlarla razılaşdırdıqdan sonra Azərbaycanda olan hərbi atteşelərin vəziyyətlə əyani şəkildə tanış olması üçün sizi Bərdəyə səfər etməyə dəvət edirəm”.

O qeyd edib ki, Ermənistan tərəfindən Bərdə şəhərinin kasetli bombalardan atəşə tutulması nəticəsində 19 nəfərin həlak olması və 60 insanın yaralanması Ermənistanın növbəti vandalizm və barbarlığının daha bir bariz nümunəsidir.

H.Hacıyev bildirib ki, Ermənistanın beynəlxalq qanunla qadağan edilmiş kasetli bombadan istifadə etməsi Azərbaycan xalqına qarşı növbəti soyqırımdır.

O qeyd edib ki, kasetli bombalardan istifadə etməkdə Ermənistanın məqsədi daha çox dinc əhalini qətlə yetirməkdir:

“Ermənistan dövlət səviyyəsində bilərəkdən bu terror əməlini həyata keçirir. Bu, birbaşa Paşinyan tərəfindən verilən cinayət əmridir. Biz Azərbaycan olaraq dinc əhalini atəşə tutmaqdan uzağıq. Biz döyüş meydanında ermənilərin cavabını veririk. Ermənilər düşünməsinlər ki, biz bundan zəifləyirik, iradəmiz qırılır, əksinə biz daha da güclənirik”.

Prezidentin köməkçisi deyib ki, Ermənistanın Azərbaycanın mülki əhalisinə qarşı bu hücumları davam etsə, biz mülki əhalimizin təhlükəsizliyini təmin etmək üçün bütün lazımi tədbirləri görəcəyik.

H.Hacıyev bildirib ki, Azərbaycan heç bir şəkildə mülki əhalini və obyektləri hədəfə almır. Lakin döyüş meydanında məğlubiyyətə uğrayan Ermənistan qisasını mülki insanlardan çıxmağa çalışır: “Lakin Ermənistan tərəfi bu hücumlarını davam etdirərsə, biz mülki insanlarımızın, vətəndaşlarımızın təhlükəsizliyini təmin etmək üçün lazımi tədbirlər görəcəyik”.

0