“Qarabağın məşhur müəllimləri” layihəsi davam edir - Firidun bəy Köçərli

ÖLKƏ
23:00 / 29.10.2020
944

Təhsil Nazirliyinin “Qarabağın məşhur müəllimləri” layihəsi davam edir.

Nazirlikdən bildirilib ki, layihənin növbəti tarixi siması Firidun bəy Köçərlidir. Əslən şuşalı olan Firidun bəy Köçərli 1885-1890 və 1893-1894-cü illərdə İrəvan gimnaziyasında ana dili, hüsnxət fənlərini tədris edib. 1895-ci ildə Qori Müəllimlər Seminariyasının tatar şöbəsinin Azərbaycan dili və şəriət müəllimi təyin edilib. 1918-1920-ci illərdə onun təşəbbüsü ilə həmin seminariyanın əsasında açılmış Qazax Müəllimlər Seminariyasının müdiri işləyib.

Firidun bəy müəllimlik peşəsini bütün sənətlərdən daha yüksəkdə tuturdu. O, müəllimi gələcəyə işıq salan mayak, nur adlandırırdı. Onun təbirincə desək, “Pis şagird yoxdur, şagirdi düzgün anlamayan müəllim var. Müəllimin borcudur ki, hətta ən çətin tərbiyə olunan uşağı belə tərbiyələndirsin”.

Görkəmli ədib hər çıxışında qızların təhsilə cəlb edilməsini ön plana çəkirdi və təhsilli qadının gələcəkdə övladlarını da təhsilli böyüdəcəyini nəzərə çatdırırdı.

Xatırladaq ki, “Qarabağın məşhur müəllimləri” layihəsi çərçivəsində Qarabağda doğulan və vaxtilə pedaqoji fəaliyyətlə məşğul olan tanınmış şəxslər barədə məlumatlar təqdim olunur. Layihənin məqsədi müzəffər Azərbaycan ordusunun qələbə xəbərlərinə sevindiyimiz bu günlərdə Qarabağın məşhur müəllimlərini yad etməkdir.

0