Fransanın öz mətbuatına qarşı ikili standartları - ŞƏRH

DÜNYA
15:29 / 29.10.2020
918

Fransanın “Charlie Hebdo” satirik həftəlik jurnalının Məhəmməd peyğəmbərin karikaturalarını dərc etməsi və Fransa Prezidenti Emanuel Makronun İslam barədə son fikirləri müsəlman ölkələri arasında hiddətə səbəb olub.

Makronun fikirləri Fransada yaşayan müsəlmanların narazılığı ilə qarşılanıb. Məsələn, “Milan” və “Fənərbağça”nın sabiq futbolçusu, hazırda Portuqaliyanın “Boavişta” klubunda çıxış edən Mərakeş əsilli fransalı futbolçu Adil Rami kəskin şəkildə Makronu tənqid edərək, onun fikirlərinin vətəndaş müharibəsinə apardığını bildirib.

Elə “Charlie Hebdo”nun da belə gərgin vaxtlarda Məhəmməd peyğəmbərə aid karikaturaları yenidən bərpa etməsi müsəlman dünyasına qarşı müharibənin açılmasından xəbər verir. Sanki müəyyən qüvvələr dindar xristianlarla müsəlmanlar arasında nifaqın formalaşdırılmasında maraqlıdır. “Charlie Hebdo”nun Türkiyə Prezidenti Rəcəp Tayyip Ərdoğanın karikaturalarını da buraya əlavə etməsi müsəlman və türk dünyasına qarşı kirli siqnal təsiri bağışlayır.

Bəs Fransa hökuməti “Charlie Hebdo”ya niyə dini karikaturalara son qoymağa dair göstəriş vermir? Bəli, Fransa dünyada demokratik ölkələrdən sayılır və hər hansısa senzuranın olması qəribə qarşılana bilər. Bununla belə, yaxın günlərdəki hadisələr Fransa hökumətinin məsələlərə ikili standartlarla yanaşdığını göstərir.

Belə ki, Fransanın TF1 telekanalının əməkdaşı Liseron Budul Azərbaycan tərəfindən cəbhədəki durumu obyektiv şəkildə işıqlandırsa da, tezliklə Fransada yaşayan ermənilər tərəfindən təzyiqə məruz qalmış, telekanal rəhbərliyi və özü ölümlə hədələnmişdi.

Nəticədə, telekanal ekstremist təzyiqdən çəkinərək, dörd dəqiqəlik reportajı saytından silməyə məcbur olmuşdu. Lakin nədənsə yerli hökumət mətbuata qarşı edilən bu təzyiqə, fikirləri terrorçu baxışlarından seçilməyən sosial şəbəkə istifadəçilərinə və Fransa Erməniləri Təşkilatlarının Koordinasiyası Şurasının həmsədri Frank Papazyana qarşı heç bir ciddi cəza tədbiri görmədi.

Maraqlıdır ki, bu məsələyə sanki heç nə olmamış kimi 1-2 cümləlik münasibət belə bildirilmədi.

Ancaq əgər erməni icması hansısa müsəlman və ya türk millətçisi tərəfindən belə bir təhdidlə üzləşsəydi, siz, yəqin, onda vəziyyətin hansı hüquqi prosedurlara kimi gedib çıxacağını təxmin edirsiniz...

0
oxu.az