Qondarma Dağlıq Qarabağ Respublikasının (DQR) “təhlükəsizlik xidməti”nin direktoru Kamo Ağacanyanın ABŞ-a məxsus hərbi geyimdə görüntülənməsi Rusiya ictimai-siyasi çevrələrində müzakirələrə səbəb olub.
Rusiyanın əksər siyasi ekspertləri bunu “DQR”in Qərbə reveransı kimi dəyərləndirir.
Rusiyalı ekspert, “Milli Müdafiə” jurnalının baş redaktoru İqor Korotçenko yazır ki, Kamo Ağacanyanın ABŞ ordusunun emblemi olan hərbi geyimdə ortaya çıxması Qərbə meyllənən İrəvandan ilhamlanan “DQR”in siyasi orientasiyasında dəyişiklik etməsinə işarə sayıla bilər.
“Dağlıq Qarabağ münaqişəsinin gündəliyində “DQR” Milli Təhlükəsizlik xidmətinin rəhbəri Kamo Agacanyanın gözlənilmədən “ABŞ ARMY” emblemi olan forma ilə ortaya çıxması dayanır. Rəsmi İrəvanın qərbyönümlü siyasətə meylli olduğunu nəzərə alaraq, Ağacanyanın Ermənistanın Baş naziri Paşinyan tərəfindən DQR-in prezidenti postuna təyin olunmuş Araik Arutyunyanın yanında bu cür dayanması DQR-in də Qərbə tərəf yönəlməsinə işarə sayıla bilər”, - deyə ekspert vurğulayıb.
İqor Korotçenko daha sonra Arutyunyanın Rusiya Prezidenti Vladimir Putinə müraciətini yada salıb:
“Arutunyan bu gün RF prezidentini "Moskvaya tarixən sadiq olan ermənilərin" xətrinə münaqişəyə müdaxilə etməyə dəvət edir. Buna rəğmən, gözlənilməz, lakin məntiqi olan odur ki, DQR -in bir rəsmi şəxsi ABŞ formasını geyinib”.