Ermənilər Qarabağdan Ermənistana silah-sursatla qaçırlar - Onlar zorla döyüşə aparılanlardır

SİYASƏT
16:53 / 04.11.2020
2744

Ermənistanın Sünik Rayon Polis İdarəsinin əməkdaşları Qarabağdan silah-sursat gətirən şəxsi saxlayıblar.

“Novosti Armeniya” xəbər verir ki, bu barədə Ermənistan Polisinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, “UAZ” markalı avtomobildən bir ədəd “Kalaşnikov” pulemyot, 5,45 mm çaplı 75 güllə ilə iki ədəd daraq, habelə 317 ədəd müxtəlif çaplı patron aşkar edilib. Aşkar edilən silah-sursat müsadirə olunub.

Başqa bir məlumata görə, Vaysk Rayon Polis İdarəsinin əməkdaşları Qarabağdan qayıdan avtomobildə aparılan yoxlama zamanı “Kalaşnikov” avtomatı, süngü-bıçaq, avtomat silahın 15 ədəd darağı, 700-dən artıq patron, tüfəng və başqa silah-sursat aşkarlanıb.

Ermənistan Milli Təhlükəsizlik Xidməti bildirib ki, Qarabağdan Ermənistana qayıdan avtomobillərdə bir qayda olaraq silah-sursat aşkar edilir.

Ekspertlər vurğulayıblar ki, bu şəxslər döyüşdən imtina edən, könüllü adı altında Qarabağa zorla döyüşə aparılan Ermənistan vətəndaşlarıdır. Silaha görə gələcəkdə cinayət işi məsuliyyətinə cəlb ediləcəklərindən ehtiyat etdikləri üçün onlar silahı da özləri ilə aparırlar.

Ermənistan Polisi, Milli Təhlükəsizlik Xidməti məsələ ilə bağlı vətəndaşları xəbərdar edib. Bu qurumlar silah-sursatın döyüş bölgəsində olmasının vacibliyini vurğulayıblar.

1
modern.az