Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən mənzillə təminat proqramının davamı olaraq Quba, Balakən, Naftalan, Xızı, Kürdəmir rayonlarında yeni inşa olunmuş 20 fərdi yaşayış evi şəhid ailələri və Qarabağ müharibəsi əlillərinə təqdim edilib.
Nazirlikdən verilən məlumata görə, Qubada evlərin təqdim edilməsi tədbirində Nazirliyin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin sədri Vüqar Behbudov, Quba rayon İcra Hakimiyyəti başçısı Ziyəddin Əliyev iştirak ediblər.
Qeyd edilib ki, 2020-ci ildə şəhid ailələri və müharibə əlillərinə rekord sayda - azı 1500 mənzil və fərdi ev verilməsi nəzərdə tutulub. Bu gün 5 rayonda təqdim edilən 20 fərdi ev (o cümlədən Qubada 9, Naftalanda 6, Balakəndə 3, Xızıda 1, Kürdəmirdə 1) də daxil olmaqla, onlardan artıq böyük əksəriyyəti verilib və bu proses qarşıdakı günlərdə də davam edəcək. Ümumilikdə ötən dövrdə 8318 mənzil və fərdi ev bu kateqoriyadan olan vətəndaşlara verilib.