“Azərbaycan əsgəri olmaq bir addım öndə olmaq deməkdir”.
Bunu Report-a açıqlamasında Vətən müharibəsi qazisi, xüsusi təyinatlı hərbiçimiz Elmar İbrahimov deyib.
Onun sözlərinə görə, illərdir işğal altında olan torpaqlarımızın geri qaytarılması üçün gecə-gündüz hazırlaşıb, təlimlər keçiblər: “Nəhayət o gün gəldi. Tapşırıq verildi ki, alınmalıdır!”
Qazinin atası Sücaət İbrahimov bildirib ki, uşaqlıqdan Elmar məktəbdə və idmanda uğurlar əldə edib, hər zaman onunla fəxr edib.
Qeyd edək ki, işğal altında olan torpaqlarımızın azad olunması yolunda igidliklə vuruşan oğullarımız şanlı tarix yazır. Canları, qanları ilə. Analar oğullarını Vətənə qurban verir. Bu ailənin də iki şəhidi var. Valideynlər oğullarının şəhid olması, yaxud yaralanmasına yox, səngər yoldaşlarından tez ayrılmalarına heyfslənirlər.
Xatırladaq ki, Elmar İbrahimov 1997-ci ildə Lənkəran rayonunun Darquba kəndində dünyaya gəlib. Yeniyetməlik yaşlarından idmanla məşğul olan Elmar bir sıra respublika yarışlarının qalibi olub. Orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasına qəbul olub. 2014-2017-ci illərdə Rusiya Federasiyasında keçirilən Qaydasız döyüş idman növü üzrə Avropa 3-sü olub. Peşəkar idmanla məşğul olan Elmar III kursda təhsilini yarıda qoyub ordu sıralarına gedib. Goranboy rayonundakı N saylı hərbi hissənin kəşfiyyat bölüyündə xidmət edib. Xidmətini başa vurandan az sonra yenidən müddətdən artıq hərbi xidmətə yazılıb. Çətin sınaqlardan keçərək xüsusi təyinatlılar taboruna qəbul olunub. Erməni hərbi birləşmələrinin ölkəmizə qarşı hərbi təcavüzünə qarşı başlanan əks hücum əməliyyatlarında fəal iştirak edib. Murovdağ zirvəsinə üçrəngli bayrağımızı taxan taborun qəhrəmanlarından biri olub. Ardınca “Qisas” postu, “Mübariz” postu, Suqovuşan və daha 20 erməni postunun alınmasında iştirak edib.