Dağlıq Qarabağ və Laçın dəhlizi bölgəsində müşahidə aparacaq sülhməramlı missiyaya Rusiya Ordusunun general-leytenantı Rüstəm Muradov başçılıq edəcək.
Modern.az xəbər verir ki, general Muradov 1973-cü ildə Dağıstan Respublikasının Dərbənd rayonundakı Çinar kəndində anadan olub.
Milliyətcə tabasaran olan Rüstəm Muradov Kazan Suvorov hərbi məktəbinin məzunudur. O, 1990-cı ildən ordu sıralarında olub. 1995-ci ildə Leninqrad Ümumqoşun komandirləri məktəbini, 2015-ci ildə isə Rusiya Baş Qərargahının Akademiyasını bitirib.
Rüstəm Muradov 2015-2017-ci illərdə Rusiyanın 41-ci ordusunun qərargah rəisi, Ukraynanın Donbas regionunda atəşkəsə nəzarət edən koordinasiya mərkəzinin üzvü olub.
2017-ci ildə Suriyada hərbi məsləhətçi, 2018-ci ildən Rusiya Cənub Hərbi Dairəsinin komandan müavini olub.
Ailəlidir, 2 qız və 2 oğlan atası olduğu bildirilir.