“Şuşanın itirilməsindən sonra aydın oldu ki, erməni tərəfi üçün mübarizə aparmaq daha mənasızdır”.
Bunu Ermənistan Baş naziri Nikol Paşinyan ölkənin İctimai televiziyasına müsahibəsində deyib.
“Döyüş meydanında uğursuzluqlar başlayanda biz qarşımıza siyasi vəzifə qoyduq – dönüş nöqtəsinə nail olmaq. Ancaq Şuşanın itirilməsindən sonra vəzifənin mümkünsüz olduğunu gördük. Şuşanı qaytarmaq üçün iki dəfə cəhd etdik. Ancaq erməni bölmələrinin şəhər üzərində nəzarəti ələ almaq üçün kifayət qədər gücü yox idi. Şuşanın itirilməsi haqda mənə məruzə edəndə informasiya daxil oldu ki, orada hələ də 50 döyüşçümüz var. Mən bu məlumatın yoxlanılmasını istədim. Məlum oldu ki, döyüşçülər Xankəndidədir, Şuşada yox”, - deyə işğalçı dövlətin Baş naziri bildirib.