Türkiyədə sakinlər İncəçayır kəndini Azərbaycan bayraqları ilə bəzədilər - FOTO

FOTO
21:15 / 16.11.2020
1664

Türkiyənin Yozqat vilayətinin İncəçayır kəndi Azərbaycan ordusunun Qarabağda qazandığı qələbə və işğal altındakı torpaqlarımızı azad etməsi münasibətilə başdan başa Azərbaycan bayraqları ilə bəzədilib. Virtualaz.org Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, həmin kənd bundan əvvəl sakinlərin evlərinin qapılarına və divarlarına Türkiyə bayraqları çəkdiklərinə görə tanınırdı. Bu səbəbdən İncəçayıra “bayraqlı kənd” də deyirdilər. İndi isə sakinlər kəndin məscidinə Türkiyə və Azərbaycan bayraqlarını yanaşı asıblar, habelə evlərinin balkonlarını və pəncərələrini də Azərbaycan bayraqları ilə bəzəyiblər.

Bildirilir ki, kənd sakinləri Azərbaycanın qələbəsini böyük sevinc və coşqunluqla qarşılayıb. Kəndin imamı Burhanettin Türcan deyib ki, millət olaraq Azərbaycanın Ermənistan qarşısında qazandığı qələbəyə çox seviniblər. “30 ildir Ermənistan tərəfindən işğal altında saxlanılan Azərbaycan torpaqları Rəbbimə sonsuz şükürlər olsun ki, azadlığına qovuşdu. Azərbaycan xalqının güclü mübarizəsi və Türkiyə dövlətinin də yardımı ilə torpaqlar azad edildi. Təbii ki, millət olaraq biz buna çox sevindik”,-o deyib.

Kənd sakinlərindən araşdırmaçı yazar Osman Karaca isə bildirib ki, Azərbaycan xalqı da Türkiyənin 100 il əvvəl yaşadığı acılar kimi çox acılar çəkib, amma apardığı mübarizənin nəticəsində bu gün qələbə qazanıb. “Biz Azərbaycanın bu qürurlu gününü təbrik edirik. Dünən də, 92 il əvvəl də, bu gün də millət olaraq daim yanlarında olduq. Onların bu zəfərini böyük sevinclə qarşıladıq. Bu gün Azərbaycandakı qələbə sevinci Yozqatın İnceçayır kəndində də yaşanır, Şırnakda, Ədirnədə də var. Kəndimizin evinin bütün qapıları ay-ulduzlu bayraqlarla bəzədildi. Bir bayraq əksik idi. O da Azərbaycan bayrağı. Bunun da səbəbi o idi ki, Azərbaycanın Qarabağı əsarət altındaydı. Demişdik ki, Qarabağ azad edilmədən Azərbaycan bayrağını bura asmayacağıq, nəqş etməyəcəyik. Şükürlər olsun Rəbbimə, bu gün o qələbəni bizə yaşatdılar. İndi kəndimizin hər tərəfi Azərbaycan bayraqları ilə bəzədilib”,-Karaca deyib.

Kəndin digər sakini Yılmaz Karaca da Azərbaycanın qələbəsindən çox qürurlandıqlarını, evlərini Azərbaycan bayraqları ilə bəzəməkdən qürur hissi keçirdiklərini bildirib. “Çox sevinirik, gözyaşlarımızı saxlaya bilmirik, çox xoşbəxtik”,-o qeyd edib.

Xatırladaq ki, ordumuzun Qarabağda başlatdığı savaşdan bəri hər gün Türkiyənin müxtəlif yerlərində Azərbaycana dəstək üçün ən müxtəlif aksiyalar keçirilir, hər tərəfdə Azərbaycan bayraqları asılır.

0