“Azəristilik” bacarmır: özəlləşdirilə bilərmi? – Ekspert

İQTİSADİYYAT
17:44 / 17.11.2020
1042

Qış rejiminin başlaması səbəbindən noyabrın 15-dən Bakıda yayayış binalarına istilik verilməsi nəzərdə tutulsa da, hələ də paytaxtın bir çox ərazilərində mənzillərə istiliyin verilməsi ilə bağlı problemlər yaşanır. Bu problemin gələcəkdə təkrar olunması sözügedən sektorun özəlləşdirilməsi məsələsini yenidən gündəmə gətirib.

Məsələ ilə bağlı Axar.az-a danışan millət vəkili, iqtisadçı-alim Vüqar Bayramov bildirib ki, bununla Azərbaycan İnvestisiya Holdinqi məşğul ola bilər:

”Azərbaycan İnvestisiya Holdinqinin tərkibinə daxil edilən qurumlardan biri də “Azəristiliktəchizat”dır. Nəzərə alsaq ki, digər qurumlarla yanaşı, bu qurumda da mövcud idarəetmənin qiymətləndirməsi, eyni zamanda həmin qurumların təkmilləşdirilməsi ilə bağlı fəaliyyət həyata keçiriləcək, o zaman holdinq tərəfindən qiymətləndirilmə aparıldıqdan sonra qurumun idarə siteminin konkret olaraq hansı formata keçiriləcəyi ilə bağlı qərar qəbul ediləcək”.

Millət vəkilinin sözlərinə görə, “Azəristiliktəchizat”ın fəaliyyətinin qiymətləndirməsindən sonra buna uyğun qərar verilə bilər:

“Azərbaycan İnvestisiya Holdinqinə daxil olan qurumların idarə edilməsində səmərəliliyin, xidmətlərin keyfiyyətinin artırılması istiqamətində addımlar atılacaq. Təbii ki, bundan sonra həmin qurumun özəlləşdirilməsi ilə bağlı qərar qəbul edilə bilər. Bir sıra ölkələrdə bu tip qurumların özəl sektor daxilində idarə edilməsi təcrübəsi var. Müəssisənin özəlləşdirməsi məhsuldarlığa da səbəb ola bilər. Hər halda qiymətləndirmə aparıldıqdan sonra bununla bağlı qərar veriləcək”.

0