“Yaralı əsgərləri hospitalda güclə saxlayırdıq, tez sağalıb cəbhəyə dönməyə can atırdılar...”

ÖLKƏ
19:48 / 18.11.2020
846

Sentyabrın 27-də Qarabağda müharibə başlayanda Türkiyədə işləyən bir çox azərbaycanlı doktorlar yaralıları müalicə etmək üçün könüllü olaraq Azərbaycana gəldi. Virtualaz.org xəbər verir ki, onlardan biri də Akdeniz Universitetinin Tibb Fakülətisi Xəstəxanasında çalışan Amil Hüseynov olub.

Hüseynov 40 gün boyunca Bərdədəki hərbi hospitalda çalışıb, o və qrupu həmin müddətdə 300-ə yaxın yaralı əsgəri və mülki sakini müalicə edib. Ermənistan ordusunun Bərdəni “Smerç” raketləri ilə atəşə tutub onlarla dinc sakini qətlə yetirməsi zamanı doktor Hüseynov da yüngül yaralanıb, amma Bərdəni tərk etməyib və yaralıların müalicəsini davam etdirib.

 

Hərbi əməliyyatların dayandırılması haqda razılaşmanın əldə edilməsindən sonra A.Hüseynov Bərdədəki işini tamamlayıb və yenidən Antalyaya dönmək üçün hazırlaşır. O, “Anadolu” agentliyinə açıqlamasında deyib ki, müharibənin başladığını eşidən kimi Bakıya uçan ilk təyyarəyə  bilet alıb, daha sonra icazə məsələlərini həll etməyə başlayıb. İstanbul üzərindən Bakıya uçan Hüseynov deyir ki, uşaqlarından birinin sənədində problem vardı. Amma Bakı aerportunda Azərbaycana hansı məqsədlə gəldiyini eşidəndə orada xidmət aparan əməkdaşlar məsələni həll ediblər və Hüseynovu ölkəyə buraxıblar.

Deyir ki, Akdeniz Universiteti Tibb Fakültəsi Xəstəxanasının rəhbərliyi də icazə məsələsində ona kömək edib. “Çalışdığım dönəmdə Türk millətinin dəstəyini hiss etdik. Burada bütün xalq birlik və bərabərlik içərisindəydi. Türkiyə jurnalistlərinin də burada heç bir detalı qaçırmadan çatdırması qürur vericiydi. Türkiyə və Azərbaycan bayraqlarını yan-yana görmək də bizdə qürur yaradırdı”,-o bildirib.

 

Doktor Hüseynov deyir ki, müharibənin ilk günlərində Bərdə hospitalında çoxlu sayda hərbçini və mülki şəxsi müalicə ediblər. “Yaralı əsgərlər tez sağalıb yenidən cəbhəyə getməyə can atırdı. Onları hospitalda güclə saxlayırdıq. Ermənilərin atdıqları raketlərdən biri xəstəxananın yaxınlığına düşdü, binanın arxasındakı maşınlar yanıb kül oldu. Mən də yüngül yaralandım. Partlayış dalğasının təsirinə məruz qaldım. Qıçım üç gün sarğıda qaldı. Bir neçə kəsik yaranmışdı”,-o bildirir.

Amil Hüseynov bildirir ki, o və komandası 300-ə yaxın hərbçini və mülki şəxsi müalicə edib. “Buradakı missiyam hələlik bitdi, Türkiyəyə dönəcəyəm. Ehtiyac olsa yenə qayıtmağa hazıram”,-o vurğulayıb.

0