"Qubadlıda ermənilər gizli hücuma keçmək istəyirdilər" - Yaralı hərbçimiz

ÖLKƏ
16:04 / 18.11.2020
1481

Ermənistan silahlı qüvvələri Azərbaycanın hansı gücə qadir olduğunu elə sentyabrın 27-də gördü.

Bunu Trend-ə açıqlamasında işğal altında olan torpaqlarımızın azad olunması uğrunda döyüşlərdə yaralanan müddətdən artıq xidmət edən hərbi qulluqçu Faiq Yusifov deyib.

O bildirib ki, Ermənistan silahlı qüvvələri sentyabrın 27-də cəbhə bölgəsində təxribat törədərək Azərbaycan Silahlı Qüvvələrinin bölmələrini və yaşayış məntəqələrimizi ağır artilleriyalardan atəşə tutmağa başladı: "Azərbaycan silahlı qüvvələri cavab atəşi ilə düşmənin atəş mövqelərini susdursa da, qarşı tərəf təxribatlarına davam etdi və cəbhəboyu bütün ərazilərimiz atəşə tutuldu. Azərbaycan Ordusu əks-həmlə hücumlarına başladı. Qısa müddətdə düşmən mövqelərini darmadağın etdik və onlar geri çəkilməyə başladılar. Amma buna baxmayaraq, düşmən tərəf itirdiyi mövqeləri almağa cəhd edirdi. Hər dəfə cəhd edərkən isə bir neçə ərazi itirir, itki verərək geri çəkilirdilər".

F.Yusifov Füzuli və Cəbrayıl rayonlarının işğaldan azad edilməsində iştirak edib, Qubadlı rayonu uğrunda döyüşlərdə yaralanıb: "Qubadlı rayonu uğrunda döyüşlər gedirdi. Ermənistan silahlı qüvvələri itirdikləri mövqeləri geri almaq üçün hücumlar edirdi. Ermənilərin hücumuna qarşı əks-həmləyə başladıq, 5 kənd, 1 yüksəkliyi işğaldan azad etdik. Ermənilər yenə də itki verərək geri çəkildilər. Axşam saat 17 radələri idi. Ermənilər minaatanlarla qəfil hücuma başladılar. Təxminən bir saatdan artıq idi ki, dayanmadan döyüş gedirdi. Bizim işğaldan azad etdiyimiz yüksəkliyin aşağı hissəsində dərə var idi. Məlum oldu ki, erməni hərbi birləşmələri həmin dərədən bizə gizli hücuma keçmək istəyirlər. Təxribat qrupunun yerini müəyyənləşdirdik və hücumun qarşısını alarkən üz-üzə döyüş başlandı. Yaxınlığımda minaatan mərmisi partladı, yıxıldım. Ayağa durdum, yaralandığımı hiss eləmədim və yenidən döyüşə başladıq. Yerimi dəyişəndə çiynimdən güllə yarası aldım. Döyüş yoldaşlarım məni ərazidən uzaqlaşdırdı. Həmin döyüşdə 6 nəfərimiz yaralandı. Amma düşmənin qrupunu tam məhv etdik".

0