Şuşanın işğaldan azad edilməsini Prezidentə məruzə edən zabit - DOSYE, FOTO

ÖLKƏ
21:12 / 18.11.2020
5899

Şuşanın alınması xəbərini Cənab Ali Baş Komandana məruzə edən zabit. Bütün Azərbaycan o Qəhrəmandan danışır. Əslində bu qəhrəman kimdir? Gəlin, tanıyaq onu.

Rəhimov Zaur Şirinbəy oğlu Lerik rayonu, Veri-Əliabad kəndində anadan olub. XTQ zabitidir. Azərbaycan əks-hücuma başlayan ilk gündən ön sırada dayanan zabitlərimizdəndi. Düşmənin müdafiə xəttini yaran qəhrəmanımız kilometrlərlə irəliləyib-Şuşanın alınmasına qədər. Bir neçə rayonun işğaldan azad olunmasında xüsusi xidmətləri olub. Hətta bir dəfə yaralanıb, müalicəsini yarımçıq qoyaraq yarasını sadəcə sarğıyla sarıtdırıb yenidən cəbhəyə qayıdıb. Şuşanın alınmasını Cənab Ali Baş Komandana məruzə edəndən sonra ikinci dəfə yaralanıb. Hal-hazırda müalicəsini davam etdirir. Əzmlidir, inşallah tez bir zamanda sağalıb xidmətini yenə də davam etdirmək arzusundadır. Qəhrəmanımız Xüsusi Təyinatlı Qüvvələrin zabiti olduğundan məxfiçiliyi qorumaq üçün uğurlu əməliyyatları barədə söhbət açmırıq hələ ki.

İgid zabitimizin qardaşı Rafiq Rəhimov miq.az-a açıqlama verərəkən maraqlı faktları qeyd edib.

O bildirib ki, hələ 1-ci Qarabağ savaşında o ailənin 3 qardaşı müharibədə iştirak edib. Qardaşlardan ikisi hətta ağır yaralanıb:

“Mən 1994-cü aprel ayında Ağdam istiqamətində gedən döyüşlərdə qolumdan ağır yaralandım. Sol qolumun dirsəyindən güllə yarası aldım. Qardaşım Rəhimov Ağəddin də Ağdamda gedən döyüşlər zamanı ağır yaralandı. Güllə hələ də qardaşımın ciyərində qalıb. Digər qardaşım – İlqar Rəhimov da Qarabağda döyüşüb”.

Ailə vəziyyəti ilə bağlı sualı cavablandıran Rafiq çoxuşaqlı olduqlarını bildirib və gülərək, nəinki qardaşlarının, hətta anasının da Qəhrəman olduğunu bildirib:

“Ailədə 10 uşaq olmuşuq. 7 qardaş, 3 bacı. Anam Gülarə Cananova da Qəhrəman anadır. Evimizdə gözümüzü açandan, həyata baxışlarımız formalaşan ilk gündən ata-anamızdan Vətənə, dövlətə, Can Azərbaycana məhəbbət, onu sevmək tərbiyəsi almışıq. 1-ci Qarabağ savaşında tək bizim ailədən 3 qardaş müharibədə idik. Əmim uşaqlarından da 3 qardaş müharibədə döyüşürdü. Onlardan ikisi – Akif Rəhimov (diz qapağı yoxdur) və Xudaverən Rəhimov ağır yaralandı, Valeh Rəhimov isə şəhid oldu.  Digər əmimin oğlu Vidadi Rəhimov da 1-ci Qarabağ savaşında yaralandı”.

Cənab Ali Baş Komandana Şuşanın alınmasını məruzə edən Zaur Rəhimovun bacısının iki oğlu da 2-ci Qarabağ savaşında vuruşub. Qardaşlardan biri –  Rəhimov Sadiq Nadir oğlu şəhid olub. Digər qardaş da hal-hazırda savaşın düz mərkəzindədir. Lakin bacısı oğlunun şəhid olma xəbərini ona deməyiblər:

“Müharibənin nə olduğunu bizim ailə bilir. Bayaq da qeyd elədim, bizim ailədə 4 qardaş Qarabağda döyüşüb. Orda hər şey baş verə bilər. Zaura bu xəbərin çatdırılmasını ailəlikcə özümüz istəmədik. O, Vətən üçün Zəfər yolunda idi. Özümüz mane olmadıq ona. Çünki o, Prezident İlham Əliyevin etimadını doğrultmaq, xalqın həsrətlə gözlədiyi Şuşa Qələbəsinə doğru gedirdi deyə mane olmadıq ona”

“Dövlət rəsmilərindən sizlə maraqlanan varmı” sualına isə o, belə cavab verib:

“İcra hakimiyyətindən maraqlanıblar,  zəng ediblər.Millət vəkili İqbal Məmmədov da bir neçə dəfə zəng edib maraqlanıb. Problemlərimizi soruşub. Sağ olsun, millət vəkilimiz əksər şəhid dəfnlərində Lerik camaatı ilə birlikdə idi. Hətta cəbhədə döyüşən hərbçi ailələrinə ərzaq və maddi yardımlar da göstərib. Düzdür, əvvəllər çox az görünərdi İqbal müəllim, bir az məsafəli idi seçicilərlə. Amma sonuncu parlament seçkilərindən sonra onu Lerikin ən ucqar kəndlərində əhalinin problemləri ilə maraqlanan görürük.”- deyir Rafiq Rəhimov.

Haqqında əfsanələr dolaşan Zaurun ailə vəziyyətinin necə olduğu, evinin olub-olmamsı ilə bağlı sualına isə;

“Ailəlidir. Övladları var. Evə gəlincə…evi yoxdur, kirayədə yaşayır. Amma biz qardaşlar Vətən üçün savaşdıq, bütün Azərbaycan bizim evimizdir. Bu dövlətin havası bizə yetər. Vətənimizi bütövləşdirən Cənab Ali Baş Komandanımız sağ olsun. Azərbaycan var olsun! Xahiş edirəm, bu sözümü xüsusi qeyd edin. Biz Lerikdə anadan olmuşuq, dağlar oğluyuq. Qarabağda döyüşən yaxın qohum-əqrəbamızın adını sadalasam, bir batalyondu. Bizim ailənin adı bütün azərbaycanlıların ürəyindədir, hər ürək bizim evimizdir. Biz ev-eşiyimizi atıb Qarabağa döyüşməyə gedirik, ev, şan-şöhrət uğrunda yox. Biz bu dağların adına xələl gətirmərik. Vətənə, torpağa, Ali Baş Komandanımıza sevgimiz də bu dağlardan başlayır, biz dağlar oğluyuq!” cavabını verib.

0
Miq.az