Ehtiyacı olanların ala bilmədikləri sosial mənzillər elan saytlarında satılır - FOTOFAKT

İQTİSADİYYAT
15:42 / 21.11.2020
1496

Mənzil İnşaatı Dövlət Agentliyinin sosial mənzillərindən biri əmlak saytlarında satışa çıxarılıb. Belə ki, yeniemlak.az saytına 15 noyabr tarixində belə bir elan yerləşdirilib. Elanda bildirilir ki, Yasamal Asan Xidmətin arxasında tam təmirli sosial mənzillər satılır. İlkin ödəniş kimi 18 min manat tələb olunduğu elanda 68 kvadrat metrlik 2 otaqlı mənzilin yalnız kredit şərti ilə satıldığı göstərilir.

Elanda göstərilən telefon nömrəsi ilə əlaqə saxlayıb, satışın şərtləri ilə maraqlandıq. Tural adlı şəxs bizə satış üçün rəsmi iş yerinin və aylıq maaşın 500 manat civarında olmasının lazım olduğunu dedi.

MİDA-nın mətbuat xidmətindən isə məsələyə münasibət öyrənmək cəhdləri alınmadı. Mətbuat katibi Diana Dadaşova suallara yazılı sorğu göndərildiyi halda cavab veriləcəyini bildirdi: 

"Biz dəfələrlə bu tip məsələlərə cavab vermişik. Amma yenə də suallarınızı saytın emailinə göndərin..."

Əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı Qaynarinfo-ya açıqlamasında MİDA-nın mənzillərinin bu şəkildə satılmasının qanunsuz olduğunu dedi:

"MİDA-nın mənzillərinin yenidən alqı-satqı predmeti olması üçün minimum 3 il müddət keçməlidir. Yalnız bu müddət bitdikdən sonra və onun borcu tam ödənildikdən sonra ev alqı-satqi predmeti ola bilər. Amma dediyiniz hallar baş verir. Hesab edirəm ki, MİDA-nın icazəsi olmadan alqı-satqı prosesi aparıla bilməz. Ola bilər, buarada dələduzluq elementləri olsun və kimlərsə aldadılsın. Ona görə də vətəndaşlar bu cür informasiyalara aldanmamalıdır. Çünki MİDA-nın özünün müəyyən etdiyi kriteriyalar var ki, hamısı birbaşa Prezident fərmanı ilə tənzimlənmir. Agentlik icazə vermədən mənzili bir nəfərin adından başqasının adına keçirmək mümkün deyil. Bu, yalnız o halda baş verə bilər ki, mənzili alan şəxs ödəniş qabiliyyətini itirir, MİDA da növbədə olan başqa bir insanı növbəyə salıb, həmin mənzili ona satır. Əks halda bu, mumkun deyil".

Ramil Osmanlının sözlərinə görə, MİDA-nın satdığı evləri sosial mənzil layihəsi hesab etmək olmaz: 

"Bu ucuz evlər layihəsidir və qanunvericiliyin tələblərinə görə həmin mənzillər yalnız müəyyən kateqoriyadan olan insanlara satıla bilər".

0