“İşğaldan azad olunmuş rayonlarımızda yeni iş yerləri yaradılacaq“ - Deputat

İQTİSADİYYAT
13:23 / 23.11.2020
974

“20 faizə yaxın ərazimizin 27 ildən çox işğal altında qalması o torpaqlarımızın iqtisadi potensialından istifadəyə də imkan verməyib. İşğaldan əvvəl həyatın, gülüşün olduğu o şəhərlərimiz düşmən ölkənin barbarlığı nəticəsində “Ruhlar şəhəri”nə çevrilib”.

HİT.Az xəbər verir ki, bu sözləri millət vəkili, iqtisadçı-alim Vüqar Bayramov deyib. O qeyd edib ki, 27 ildən çox müddətdə böyük iqtisadi potensial Ermənistan işğalı nəticəsində məhv edilib:

“Ötən il Yuxarı Qarabağ iqtisadi rayonu 637 milyon 70 min manat, o cümlədən Ağdam 172 milyon 934 min manat, Füzuli 138 milyon 652 min manatlıq məhsul istehsal edib. 4 rayonu əhatə edən Kəlbəcər-Laçın iqtisadi rayonunda isə cəmi 97 milyon 838 min manatlıq məhsul istehsal olunub. Bu istehsal həmin rayonlardan bəzisinin bizim nəzarətimizdə olan yaşayış məntəqələrində və respublikanın digər bölgələrində məskunlaşan idarə və müəssisələr hesabına baş verib.

7 rayonumuzun cəmləşdiyi Yuxarı Qarabağın ölkə iqtisadiyyatının əsas sahələri üzrə məhsul buraxılışında xüsusi çəkisi 0.7, Kəlbəcər- Laçın iqtisadi rayonunun isə cəmi 0.1 faizdir. Bu, o deməkdir ki, uzun müddət işğal altında qalan böyük ərazilərimizin ümumi iqtisadiyyatda payı heç bir tam rəqəmlə ifadə olunmayıb. Qeyd edim ki, Xaçmaz rayonu bütün işğal altında olan rayonlarmız qədər məhsul istehsal edib. Bəzi rayonlarımız hətta daha çox istehsala imza atıb.

İqtisadçı qısa zamanda həmin ərazilərimizdə yeni iş yerlərinin yaradılacağını vurğulayıb:

“Artıq işğaldan azad olunan ərazilərimizin mövcud potensialı, xammal və təbii ehtiyatları, məhsuldar torpaq sahələrinin həcmini nəzər alsaq, bərpa mərhələsindən sonra qısa zamanda həmin rayonlarımızda məhsul istehsalının 8 dəfəyə yaxın artacağı proqnozlaşdırılır. Bu o deməkdir ki, çox qısa zamanda həmin ərazilərimizdə yeni iş yerlərinin yaradılmasını və güclü iqtisadi inkişafı müşahidə edəcəyik. Qısa zamanda həyat və gülüş yenidən həmin ərazilərimizə qayıdacaq”.

0