Rusiyalı general Azərbaycanın qələbəsini alqışladı: “Ermənilər məni öldürmək istəyirdilər”

SİYASƏT
16:45 / 25.11.2020
2255

Rusiyanın istefada olan general-leytenantı, Füzuli şəhərinin keçmiş komendantı Aleksandr İvanoviç Volox Modern.az saytına geniş açıqlamalar verib. O, Qarabağ zəfəri münasibətilə Azərbaycan Ordusunu, Ali Baş Komandanı və Azərbaycan xalqını təbrik edib.

“Mən 1991-ci ildə Füzuli rayonunun komendantı olmuşam. O zamanlar SSRİ Daxili Qoşunlarının polkovniki idim. Azərbaycan Ordusunun Qarabağı, o cümlədən Füzuli şəhərini azad etməsi məni çox sevindirdi. Bildiyim qədərilə Füzulidə salamat bir ev belə qalmayıb. Çox təəssüf edirəm ki, 1991-ci ildə çiçəklənən, inkişaf edən şəhər bu hala salınıb. İşğalın başa çatması çox sevindirici xəbərdir. Haqq-ədalət sonda qalib gəldi. Prezident İlham Əliyevin uzaqgörənliyini və qətiyyətini də alqışlayıram.

Doğru məqamda, doğru yerdə qüvvələr səfərbər edilərək, Qarabağı işğaldan azad etdi. Bu hərb tarixində iz qoyacaq müharibədir. Və 21-ci əsr müharibəsi kimi tarixdə öyrəniləcək. Ona görə də Azərbaycan prezidenti İlham Əliyevi təbrik edirəm. Onun mövqeyi və siyasətini tam dəstəkləyirəm”.

Aleksandr Volox vaxtilə komendant kimi Füzuli şəhərindəki fəaliyyətini, erməni hərbi birləşmələrinin hücumlarına qarşı gördüyü tədbirlər barədə danışıb.

“Tuğ kəndinə erməni hərbi dəstələrinin hücumu yadımdadır. O illər ərzində bölgəni sülhlə təmin edə bilmədiyimiz üçün həmişə içimdə bir sıxıntı keçirmişəm. Qadınları-uşaqları odun-alovun içindən çıxamışıq. Hesab edirəm ki, Füzilinin komendantı kimi edə biləcəyim ən önəmli iş Azərbaycanın gələcək nəslini ölümdən qorumaq idi.

Bölgəyə göndəriləndə bizə heç bir təlimat keçilməmişdi. Biz yerlərdə yaranmış situasiyanı, hansı addımları atacağımızı bilmirdik. O zamanlar yuxarılarda təlimat və idarəçiliklə bağlı ciddi problemlər var idi. Füzulinin komendantı olmazdan öncə, Abxaziyada xidmət etmişdim. Belə gərgin nöqtələrdə hansı addım atmalı olduğumu tədricən anlayırdım. Sərt nizam-intizam yaratmaq, vətəndaşları qəbul etmək və s. əsas missiyam idi”.

General azərbaycanlılar və ermənilər arasında sülh yaratmaq üçün atdığı addımları da xatırlayıb:

“Düşündüm ki, etnik gərginliyi azaltmaq üçün icmalar arasında görüş keçirim. Qoy bir-birinin üzünə baxaraq, dialoq aparsınlar. Belə görüşlər Füzuli şəhərində, Hadrut qəsəbəsində, Tuğ kəndində keçirilib. Görüşlərdə hər iki icma sülh şəraitində yaşamağı arzu etdyini bildirirdi. Görüşlərdə məktəb direktorları, kolxoz sədrləri, polis rəisləri və başqa adamlar iştirak edirdilər. Onları bizim hərbçilər zirehli tranpartyorlarla müşahidə edirdi.

Biz komendantlıq olaraq, həm azərbaycanlılardan, həm də ermənilərdən atəşkəsi pozmayacaqlarına, silahlı hücum etməyəcəklərinə dair öhdəlik istəyirdik. Azərbaycanlılar buna razılıq versə də, erməni tərəfi boyun qaçırır, yaxud onların nümayəndləri həmin sənədə imza atmağa öhdəliklərinin olmadığını deyirdilər”.

General Aleksandr Voloxun sözlərinə görə, onun dinc azərbaycanlıları müdafiə etməsi, onların təhlükəsizliyinin qeydinə qalması erməni hərbi birləşmələrini hiddətləndirmişdi. Bu səbəbədən də ermənilər rusiyalı generalı görüş adı ilə pusquya salmağa cəhd ediblər.

“Polkovnik Ankaçı və daha bir zabiti mənimlə birlikdə danışıqlara dəvət etdilər. Görüş Xocavəndin dağ kəndlərindən birində baş tutmalı idi. Görüşə getməzdən öncə, əraziyə kəşfiyyat qrupu göndərdik. Həmin kəşfiyyatçılar görüşün baş tutacağı ərazidə silahlı dəstə ilə üzləşdi. Şiddətli atışma olmuş, ermənilər itki verərək geri çəkilmişdilər. Ermənilər məni pusquya salaraq öldürmək istəyirdilər”.

0