Şuşa şəhərinə içməli suyun verilməsinə başlanıldı - FOTOLAR

ÖLKƏ
16:28 / 27.11.2020
1442

Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyilə müzəffər Azərbaycan ordusunun işğaldan azad etdiyi Şuşa şəhərinə içməli suyun verilməsinə başlanılıb.

HİT.Az "Azərsu" ASC-yə istinadən xəbər verir ki, dövlət başçısının xüsusi tapşırığına əsasən, işğaldan azad edilmiş ərazilərdə, o cümlədən Şuşada həyat əhəmiyyətli infrastrukturların, o cümlədən içməli su təchizatı sistemlərinin bərpası işləri həyata keçirilir. Bununla əlaqədar “Azərsu”yun mütəxəssislərindən ibarət qrup Şuşa şəhərinə və işğaldan azad olunmuş digər rayonlara ezam olunub. Mütəxəssislər su mənbələri, magistral xətlər, anbarlar və paylayıcı şəbəkələrin mövcud vəziyyətini araşdırıb.

Şuşa şəhəri işğaldan azad olunduqdan sonra şəhərə içməli suyun verilməsi tam dayanıb. Belə ki, düşmən tərəf şəhəri tərk edərkən Şuşanı içməli su ilə təmin edən magistral su kəmərini də sıradan çıxarıb. Yaranmış içməli su probleminin həlli məqsədilə mütəxəssislər Şuşada araşdırmaya başlayıb.

İlkin olaraq Daşaltı kəndinin içməli su təchizatı sistemi araşdırılıb. Aparılan təftiş işləri nəticəsində su təchizatı sismində baş vermiş qəzalar aradan qaldırılıb və noyabrın 12-də kəndə suyun verilişi təmin edilib. Eyni zamanda, Şuşa şəhərini müvəqqəti olaraq maşına su ilə təmin etmək üçün Daşaltı kəndində sudoldurucu məntəqə yaradılıb.

Bununla paralel Müdafiə Nazirliyinin müvafiq bölmələri ilə birgə təhlükəsizlik tədbirləri görülməklə diametri 325 mm olan Kiçik Kirs-Şuşa magistral su kəmərinin texniki vəziyyəti təftiş olunub. Məlum olub ki, hərbi əməliyyatlar zamanı mərmi partlayışları nəticəsində şəhəri içməli su ilə təmin edən 9,4 km uzunluğunda polad borulardan ibarət magistral su kəməri üzərində 12 nöqtədə böyük qəzalar var. Qəzaların qısa müddətdə aradan qaldırılması üçün lazım olan texniki avadanlıq və mal-material tələbatı müəyyən edilib, həmçinin “Azərsu” ASC tərəfindən əlavə mühəndis-mütəxəssis heyəti, qəza-bərpa briqadası Şuşa şəhərinə ezam edilib.

Qəza-bərpa işlərinə cəlb olunmuş texnikanın maneəsiz hərəkəti üçün kəmərin marşrutu boyu mümkün olan yerlərdə istismar yolu salınıb, texnikaların hərəkətinin mümkün olmadığı yerlərə isə mal-materiallar əllə daşınaraq təmir işlərinə başlanılıb. Mürəkkəb relyefli ərazidə, meşə və dağ şəraitində magistral su kəmərinin qəzalı hissələri təmir edilib və noyabrın 25-də Şuşa şəhərinə suyun verilişi təmin olunub.

Şuşaya ezam edilmiş “Azərsu”yun Planlaşdırma və layihələndirmə departamentinin rəisi Bahadur Kəngərli şəhərdə görülən işlər barədə məlumat verərək bildirib ki, hazırda mərmi partlayışları səbəbindən Şuşa şəhərinin daxili paylayıcı şəbəkəsinin qəzalı vəziyyətə düşmüş hissələri hazırda təmir edilir, şəbəkədə hidravliki tənzimləmə işləri aparılır. Görülmüş işlər nəticəsində şəhərin böyük bir hissəsi içməli su ilə təmin olunub. Relyef baxımından yüksəklikdə yerləşən əraziləri su ilə təmin edən nasosları işə salmaq üçün isə anbar kompleksində generator quraşdırılacaq.

Ötən müddətdə magistral kəmərin təmiri ilə yanaşı, Kiçik Kirs dağının ətəyində dəniz səviyyəsindən 1 580 m yüksəklikdə yerləşən suqəbuledici qurğuda da müvafiq işlər görülüb və mənbədən şəhərə verilən suyun həcmi artırılıb.

Şuşa şəhərini içməli su ilə təmin edən digər mənbənin və magistral kəmərin bərpası istiqamətində tədbirlərin görülməsi də nəzərdə tutulur.

0