Aşıq Namiq məhkəməlik oldu: sosial şəbəkədə qadına qeyri-etik təkliflər edib

ÖLKƏ
11:00 / 01.12.2020
1229

Televiziya kanallarının birində aşıq Namiq Fərhadoğlu (Namiq Hüseynov) Nərimanov polisinin ünvanına əsassız ittihamlar səsləndirib.

HİT.Az-ın xəbərinə görə, bu barədə mətbuatın sorğusuna cavab olaraq, DİN Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev bildirib ki, Namiq Hüseynovun səsləndirdiyi fikirlər böhtandır və qərəzdən irəli gəlir:

"Oktyabrın 30-da N.Hüseynov barəsində Nərimanov RPİ-nin 18-ci Polis Şöbəsinə şikayət ərizəsi daxil olub. Müraciətdə vətəndaş sosial şəbəkə vasitəsilə tanış olduğu şəxsin ona etik olmayan təkliflər etməsini və onun tələblərinə əməl etməyəcəyi təqdirdə hədə-qorxu gəlməsini vurğulayıb.

İş üzrə aparılan araşdırmanın xüsusatlarını aydınlaşdırmaq məqsədilə Namiq Hüseynov müvafiq polis şöbəsinə dəvət olunmasına baxmayaraq o, polisə tabesizlik nümayiş etdirib, şikayət edən qadının ünvanına isə qeyri-etik ifadələr səsləndirib.

Qeyd olunan hərəkətlərdə xırda xuliqanlıq, polis işçisinin və ya hərbi qulluqçunun qanuni tələbinə qəsdən tabe olmama maddələrinin tərkib əlamətləri olduğuna görə fakta əsasən İnzibati Xətalar Məcəlləsinin 510-cu (Xırda xuliqanlıq) və 535.1-ci (Polis işçisinin və ya hərbi qulluqçunun qanuni tələbinə qəsdən tabe olmama) maddəsi ilə inzibati protokol tərtib olunaraq baxılması üçün Nərimanov rayon Məhkəməsinə göndərilib.

Məhkəmənin 7 noyabr tarixli qərarı ilə N.Hüseynov İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində inzibati tənbeh tədbiri tətbiq edilib".

1