Dərs deyə bilmədən tarix yazan qəhrəman şəhidimiz - VİDEO

ÖLKƏ
09:00 / 02.12.2020
1399

Hər bir şəhidimizin kitablara sığmayan bir həyat hekayəsi, qəhrəmanlıq yolu var. Vətən müharibəsi başlayan zaman könüllü şəkildə Ordu sıralarına qatılan və şəhidlik zirvəsinə ucalan tarix müəllimindən danışacağıq.

Şamaxı rayonunun Göylər kəndində dünya göz açan şəhidimiz Elgün Quliyev 3 bacının sonbeşiyi, evin yeganə oğul övladı idi.

“Söz verirəm ki, qələbə qazanacağıq”, - anası ilə son danışığında bu sözləri demişdi. Belə də oldu. Elgün döyüşlərin son günündə Şuşanı işğaldan azad edib, torpağımızdan mənfur düşməni qovarkən şəhid oldu.

Anası Qənirə Quliyeva deyir ki, Elgün hələ uşaq yaşlarından zəhmətə qatlaşmışdı. Müəllim olmaq, vurğunu olduğu və anasının peşəsini davam etdirmək istəyirdi.

Elə universiteti bitirib müəllimlərin işə qəbulu imtahanında topladığı yüksək balla ən ucqar dağ kəndini seçmişdi. Orada dərs deyəcəyi körpə fidanlara qəhrəmanlıq tariximizi tədris edəcəkdi. Amma bu, ona qismət olmadı.

Şəhidimizin bacısı qardaşının qəhrmanlığından danışaraq bildirir ki, Elgün bir neçə dəfə könüllü olaraq cəbhəyə getmək üçün hərbi komissarlığa müraciət etmişdi. Amma bu hadisənin anasından gizlədiməsini istəyib. “Anam onu elin çətin günü, dar günü üçün böyütmüşdü” deyir qəhəramanımızın bacısı.

Dayısı ilə fəxr etdiyini deyir balaca Əlsuvar. Şəhid babasının adını daşıyan bu balaca igidimiz hər zaman onlarla qürur duyduğunu bildirir.

Daha ətraflı Baku TV-nin videoreportajında:

0