Sinqapur hökuməti dünyada ilk dəfə olaraq laboratoriya şəraitində istehsal olunan ətin satışına icazə verib.
Bu barədə respublikanın Ərzaq Məhsulları Agentliyinin yaydığı bəyanatda deyilir.
“Daxil olan təklifləri qiymətləndirərək və onların təhlükəsizliyini müəyyən edərək Amerikanın “Eat Just” şirkətinin Sinqapurda becərilmiş toyuq əti satmasına icazə verilməsi qərara alınıb”, - məlumatda deyilir. Bununla yanaşı, qurumun rəhbəri Tan Li Kim bildirib ki, əməkdaşlar təhlükəsizliyi qiymətləndirməkdə davam edəcək, ekspertlərlə gələcək məsləhətləşmələr aparacaq, həmçinin bazara birbaşa daxil olan yeni məhsulları izləyəcəklər.
“Eat Just”ın nümayəndələri, həmçinin bildiriblər ki, laboratoriya şəraitində alınan ət mikrobların olması baxımından daha təmizdir. “Aparılan analizlər zülalın, müxtəlif amin turşuların, faydalı yağların və mineralların daha çox olduğunu da göstərib”, - şirkətdən bildirilib. Gözlənilir ki, Sinqapurda süni ətdən hazırlanmış naqqetslər ilk satışa çıxarılan məhsul olacaq.