Erməni toplumu tarixi dilemma qarşısında; hansı tərəfə getməli? Jirayr Liparityan: “Paşinyan getsin, bəs yerinə kim gəlsin...”
Dünəndən - dekabrın 1-dən etibarən Ermənistanın işğalına rəsmən son qoyuldu. Bu, o deməkdir ki, artıq “işğalçı Ermənistan” anlayışı mövcud deyil. Eləcə də “Dağlıq Qarabağ konflikti” söz birləşməsi yoxdur. Bəs bundan sonra bölgəni qarşılıqlı siyasi-iqtisadi əlaqələr kontekstində nə gözləyir?
Sualın cavabı ən əvvəl rəsmi İrəvanın, ümumən erməni toplumunun aldığı ağır zərbədən nə dərəcədə doğru-dürüst nəticə çıxarmasından asılı olacaq. Əksər yerli və xarici siyasi analitiklər hesab edir ki, əgər yaxın zamanda Ermənistan Türkiyə və Azərbaycanın ərazi bütövlüyünü tanısa, özünün bütün absurd iddialardan əl çəkdiyini açıq şəkildə, rəsmən bəyan etsə, o cümlədən əsrlərlə aparılan yanlış ideoloji kursdan və onun ağır mirasından imtina etdiyini bildirsə, o halda regionda daha geniş arealda kommunikasiyaların açılması mümkün ola bilər.
Yəni Ermənistan yalnız bu halda uzun illər haqq elədiyi blokadadan çıxıb inkişafa, qonşuları ilə təbii inteqrasiya yoluna üz tuta və öz xalqını rifaha apara bilər. Əfsus ki, erməni xalqına rəhbərlik edənlər və rəhbərlik iddiasında olan siyasi qüvvələr hələ ki, bu sərt gerçəyin dərkinə yaxın deyillər - baxmayaraq ki, ölkə məhz indiyədək aparılan həmin o yanlış siyasətin və zəhərli ideoloji kursun nəticəsində böyük bir fəlakətə tuş gəlib. Bundan da böhranlı vəziyyət?
Hərçənd erməni siyasi-ictimai fikrində obyektivliklə səsləşən və optimal çıxış yolunun vacibliyi haqda notlar da səslənməyə başlayıb. Onlardan biri də Ermənistanın eks-prezidenti Levon Ter-Petrosyanın sabiq müşaviri, uzun müddət Dağlıq Qarabağa dair danışıqları kurasiya etmiş, bu məsələdə az-çox obyektivliyi ilə tanınmış erməni diplomatı, Qarabağla bağlı mərhələli həllin tərəfdarı olmuş Jirayr Liparityandır.
*****
Levon Ter-Petrosyan
“Bu, yalnız hakimiyyət məsələsi deyil. Erməni siyasətinin spektrinə baxın. Yalnız bir partiyadan başqa (Ter-Petrosyanın qurumu nəzərdə tutulur - red.) hamısı ultra-vətənpərvərdir. Respublika Partiyasında, ”Çiçəklənən Ermənistan"da, “İşıqlı Ermənistan”da, Erməni İnqilab Federasiyası - Daşnaksütyunda və ya başqa hansısa bir partiyada vaxtilə beynəlxalq birliyin bizə söylədiklərini dinləməyi təklif edən siyasətçi görmürəm. Halbuki beynəlxalq birliyin rəyi bizdən ötrü mühüm olmalı idi. Çünki uduzduğumuz zaman qaçıb ondan kömək istəyirik. Onlardan bacarmadıqlarını etməyi xahiş edirik".
“Yeni Müsavat” xəbər verir ki, bu barədə ABŞ-da yaşayan Liparityan BBC-yə (rusca) müsahibəsində 44 günlük müharibədə ölkəsini kapitulyasiyaya gətirən səbəblərdən, o sırada erməni ictimai-siyasi şüurunu sarmış ultra-millətçilik virusundan danışarkən deyib. Bu xüsusda o, kapitulyasiyaya görə ilk növbədə yanlış düşüncə tərzi daşıyan erməni siyasi elitasını, cinayətkar maksimalist mövqedən qurtula və Azərbaycanın iqtisadi-hərbi gücünü hesablaya bilməyən erməni liderlərini suçlu sayır, təkcə Nikol Paşinyanı yox.
“Mənə elə gəlir ki, müxtəlif siyasi qüvvələrdə belə bir hissiyyat var idi ki, Qarabağ - təkcə bizim problemimiz deyil və qoy onu vasitəçilər həll etsin, həll etməsələr də, qorxulu bir şey yox, hələ vaxtımız var, müharibə olsa, qalib gələcəyik. Belə düşüncə geniş yayılmışdı və bütün siyasətçilər ona görə məsuliyyət daşıyır. Bu, siyasi fəhm çatışmazlığıdır, qarşımızda kimin olduğunun anlamamaq və istəklərimizlə reallığın fərqini bilməməkdir. Nəhayət, bu, siyasi mədəniyyət problemidir. Odur ki, Paşinyan getməlidir deyəndə mən soruşuram - bəs onun yerini kim tutacaq?”
Məsələ də ondadır ki, müharibədəki ağır məğlubiyyətdən və Ermənistanın az qala, quyunun dibinə düşməsindən sonra da N.Paşinyan artıq mövcud olmayan qanunsuz qurumun “müstəqilliyinin” tanınması vacibliyindən dəm vurur, nəinki təcili şəkildə Azərbaycan və Türkiyə ilə dil tapmağın, həyati əhəmiyyət daşıyan ikitərəfli əlaqələrin normallaşması yolları barədə düşünür. Yəqin ki, o, həm də daxildəki ictimai-siyasi ovqatdan çıxış edərək belə mövqe sərgiləyir.
Liparityan bu məqamla bağlı sualı da cavablandırıb: “Mən də onu deyirəm ki, mentalitet dəyişməyib. Bu bizim siyasi təfəkkürümüzün əsas problemidir və bu problemin az qala 200 il yaşı var. Yəni, o, təz deyil. Bizə belə xoşdur, bizə illüziyalar xoş gəlir. Arzu ilə yaşamaq - bizim həyat strategiyamızdır. Ancaq arzulamaq strategiya deyil”, - deyə Ter-Petrosyanın müşaviri qeyd edib.
*****
“Erməni tərəfi, demək olar ki, artıq hər şeyi itirdiyini, bunun da Dağlıq Qarabağın işğalına görə olduğunu başa düşüb”.
“Yeni Müsavat”ın məlumatına görə, bu sözləri Vesti.az-a rusiyalı konfliktoloq Yevgeni Mixaylov söyləyib.
Yevgeni Mixaylov
“1 dekabrdan sonrakı hadisələrin necə inkişaf tapacağını qiymətləndirmək hələlik tezdir. Bir şey aydındır: işğalın bitməsi və torpaqların Azərbaycana qaytarılmasının ardınca görülən, gələcəkdə görüləcək hər şeyi təzədən qiymətləndirməyin vaxtı gəlir. Artıq indidən biz İrəvanın öz maraqlarını təmin etmək üçün hətta sərhədi yüzlərlə metr qabağa çəkmək cəhdləri görürük. Söhbət qızıl mədənlərindən gedir. Beləcə, onlar əllərində yenə nəsə bir şey saxlamaq üçün maksimum çalışacaqlar. Ancaq fikrimcə, buna icazə verilməyəcək. Rusiya əldə olunan razılaşmalara riayət olunmasını dəqiq şəkildə izləyəcək. Elə Türkiyə də davam edən prosesləri diqqətlə izləyəcək”, - deyə o qeyd edib.
Politoloq bu mənada rəsmi İrəvanın Bakı ilə tezliklə normal əlaqələr quracağına şübhə edir: “Ancaq xalq diplomatiyası tədricən özünü göstərməyə başlayıb. Belə ki, biz Azərbaycanla barışığa çağıran bəzi adekvat erməni ictimai liderlərinin çıxışlarını görürük. Lakin bunlar hələ çox azdır, erməni əhalisinin şüurunun yeni reallıqlara tam format olunması üçün vaxt lazımdır. Bu da yəqin ki, zaman alacaq”.
Ekspert erməni tərəfinin Dağlıq Qarabağın statusu söhbətini unutmalı olduğunu da deyib. “Mən şübhə edirəm ki, status, ümumiyyətlə, nə vaxtsa müzakirə olunsun. Çünki Qarabağ Azərbaycandır, işğal olunmuş ərazilərin əksəriyyəti artıq Bakının nəzarətindədir. İrəvanın bu əraziləri guya inkişaf etdirə biləcəyinə dair kiminsə xəyalımı var? Ermənistan rəhbərliyi, üstəlik, öz ölkəsini xaosa, iflasa sürükləyib. Tezliklə orada vətəndaş müharibəsi qızışa, vətəndaş itaətsizliyi başlaya bilər. Soros kuklası Paşinyan isə hakimiyyətdə qalmaq üçün Qərb pulu ilə öz xalqı ilə mübarizə aparmağa davam edir”, - deyə konfliktoloq vurğulayıb.
Əlavə edək ki, artıq Ermənistanda “qarabağlı”-"irəvanlı" çəkişməsi başlayıb. Erməni toplumu beləcə, tarixi bir dilemma qarşısına gəlib çıxıb: hansı tərəfə getmək, qurtuluş vəd edən Türkiyə-Azərbaycan tərəfə, yoxsa artıq gedilmiş faciəvi yola qayıtmaq?..