Azərbaycan Prezidenti, Rusiya Prezidenti və Ermənistanın baş nazirinin noyabrın 10-da imzaladığı birgə Bəyanata uyğun olaraq Laçın rayonu dekabrın 1-də Ermənistan ordusu tərəfindən tam boşaldılıb və Azərbaycan Ordusu əraziyə daxil olub. Prezident İlham Əliyevin həyata keçirdiyi qətiyyətli siyasət mürəkkəb müdafiə sisteminə malik ərazilərin heç bir itki vermədən, döyüşsüz azad edilməsinə şərait yaradıb.
Laçın - əsrarəngiz gözəlliyə və zəngin təbii sərvətlərə malik diyar
Laçın zəngin təbii sərvətlərə və əsrarəngiz gözəlliyə malik diyardır. Rayonun şərqində Qarabağ silsiləsinin cənub-qərb yamacları, şimalında Mıxtökən silsiləsi uzanır. Cənub-qərb hissəsini Qarabağ yaylası tutur. Ən yüksək dağ zirvəsi Qızılboğazın hündürlüyü 3594 metrdir. Bol su ehtiyatlarına malik olan rayonun ərazisindən axan Şəlvə və Minkənd çayları birləşərək Həkəri çayını (uzunluğu 113 kilometr) yaradır ki, bu çay da Araz çayına qovuşur. Ərazisində Turşsu, Qaladərəsi, Ağanus, Xırmanlar, Tiqiq, Turş-tiqiq, Nurəddin, Nağdalı, Hacıxanlı kimi müalicəvi əhəmiyyətli bulaqlar, zəngin meşələr, yaylaqlar var.
1961-ci ildə rayon ərazisində nadir təbiət komplekslərini qorumaq üçün yaradılan Laçın Dövlət Təbiət Yasaqlığı 20 min hektar, 1987-ci ildə yaradılan Qaragöl Dövlət Təbiət Qoruğu isə 240 hektar ərazini əhatə edirdi. Qoruqda 68 növdən və 27 fəsilədən ibarət bitki örtüyü vardır. Laçın Dövlət Təbiət Yasaqlığının ərazisində cüyür, qaya keçisi, çöl donuzu, ayı, turac, kəklik, qaratoyuq kimi nadir fauna növləri məskunlaşmışdı. Yasaqlığın ərazisindəki Hacışamlı meşəsində dünyada ən qiymətli növ olan qırmızı palıd (qızıl palıd) vardı. Bu ağac Azərbaycanda yalnız həmin yasaqlıqda yayılıb.
Laçın rayonu ərazisindəki meşələrdə şam, palıd, vələs, göyrüş, ağcaqayın, qarağac, akasiya, qovaq, söyüd, dəmirqara, armud ağacları üstünlük təşkil edirdi. Rayonda Həkəri çayının sağ sahilində və Zabux kəndində 400 yaşlı 2 ədəd Şərq çinarı, dövlət meşə fondu torpaqlarında 1092 hektar sahəni əhatə edən ardıc, şabalıd və qaraçöhrə ağacları mühafizə olunurdu.
Laçın rayonu ərazisində 3 civə (Narzanlı, Çilgəzçay, Sarıbulaq), əhəngdaşı, Qoçaz mərmərləşmiş əhəngdaşı, mişar daşı istehsalına yararlı 2 tuf (Ağoğlan, Əhmədli), kərpic-kirəmid istehsalına yararlı Novruzlu gil, həmçinin Quşçu pemza, Yuxarı Həkəriçay qum-çınqıl qarışığı, əqiq, 2 əlvan bəzək daşı, 3 vulkan külü və Minkənd mineral su yataqları var.
Laçın rayonunun təbiəti və təbii sərvətləri 28 il ərzində talan edilib. Meşələr doğranıb, xüsusi mühafizə edilən ağaclar kəsilib, təbii ehtiyatları talanaraq Ermənistana daşınıb.
Laçının tarixi abidələri erməni vəhşiliyinin qurbanına çevrilib
Laçın rayonun ərazisi tarixi, mədəniyyət və memarlıq abidələri, qədim qaya təsvirləri, mağaralar, daş üzərində süjet xarakterli oymalar, kurqan, qala tipli abidələr, məbədlər, çoxlu sayda qəbirüstü abidələr, at, qoç fiqurları, süjetli daşlar, gildən hazırlanmış müxtəlif bəzək, məişət və digər əşyalar, bir tağlı və iki tağlı körpülərlə zəngindir. Bu ərazidə olan abidələrin əksəriyyəti Qafqaz Albaniyası dövrünün yadigarlarıdır.
Ağoğlan məbədi (IX əsr), Dəmrovlu Pir Məbədi ( XI əsr), Cicimli kəndində Məlik Əjdər türbəsi (XII əsr), Kar Künbəz türbəsi (XVII), Soltanlar kəndində Həmzə Soltan sarayı (1761-ci il), Quşçu kəndində Pir (XII-XIII əsarlər), Uşaq qalası (XV əsr), Şəlvə kəndində məbəd, Mirik kəndi ərazisində qala (XV əsr), Qaranlıq kaha, Bayqara mağaraları, Zeyvə kəndində Soltanbaba türbəsi, Güləbird kəndində Sultanbud məbədi, Minkənd kəndində Alban kilsəsi, X-XIX əsrlərə aid ikitağlı və birtağlı körpülər, Seyidlər kəndində birtağlı körpü (XIX əsr), Pircahan körpüsü, orta əsrlərə aid sənduqə, qoç və at abidələri, dəmir və tunc dövrünə aid kurqanlar, qəbirstanlıqlar və onlarca digər məbədlər işğal altında olduğu 28 il ərzində erməni vəhşiliyinin qurbanına çevrilib. Laçın rayonda mövcud olan tarixi, mədəni və dini abidələrin bir çoxu dağıdılıb, bir çoxu isə erməniləşdirilib.
Ermənilər Laçın rayonunda olan XVII əsrdə yaşamış bayatı ustadı Sarı Aşığın xatirə muzeyini, 10 mindən çox eksponatı olan Laçın Tarix Diyarşünaslıq Muzeyi və Dövlət Rəsm Qalereyası da məhv edib, eksponatları talayıb aparıblar.
Laçın rayonu Azərbaycanın gələcək iqtisadi inkişafında mühüm rol oynayacaq
Laçın rayonu ölkəmizin ən böyük rayonlarından biridir, ərazisi 1800 kvadratkilometrdir. Laçın rayonunun zəngin təbiəti, tarixi abidələri, yeraltı sərvətləri bizim milli sərvətimizdir. Laçın rayonunun Azərbaycanın gələcək iqtisadi inkişaf işlərində mühüm rolu olacaqdır.
Bu sözləri Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev dekabrın 1-də xalqa müraciətində deyib.
Laçınlıların qısa müddətdə öz torpaqlarına qayıdacağını vurğulayan Prezident deyib: "İlk növbədə, biz Laçına laçınlıları qaytaracağıq. Əziz laçınlıları bu gözəl hadisə münasibətilə ürəkdən təbrik edirəm, gözaydınlığı verirəm. Laçın işğal olunanda bu rayonda təqribən 50 mindən bir qədər çox əhali yaşayırdı. İndi Laçın rayonunun əhalisi 80 min nəfərə çatıb. Əlbəttə ki, laçınlıları qısa müddət ərzində Laçına qaytarmaq bizim əsas vəzifələrimizdən biri olacaqdır. Həmçinin biz çalışacağıq ki, keçmiş məcburi köçkünləri işğaldan azad edilmiş bütün digər rayonlarımıza qısa müddət ərzində qaytaraq.
Əlbəttə, işğaldan azad edilmiş torpaqlarda mövcud olan mənzərə böyük çətinliklər yaradır. Çünki hər tərəf dağıdılıb, infrastruktur dağıdılıb, binalar sökülüb, inzibati binalar sökülüb. Hazırda o yerlərdə yaşamaq üçün şərait yoxdur. Ancaq biz o bölgələri, bütün rayonları bərpa edəcəyik, vətəndaşlarımızın normal həyatı üçün bütün addımları atacağıq".