İsmayıllı Rayon İcra Hakimiyyəti başçısının İsmayıllı şəhər üzrə nümayəndəliyi “Nial Construction” MMC ilə müqavilə bağlayıb.
Yenisabah.az xəbər verir ki, maliyyə dəyəri 104 288 AZN olan müqaviləyə əsasən şirkət İsmayıllı şəhərində mənzil fondunun əsaslı təmirini həyata keçirməlidir.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına əsasən 18 aprel 2016-cı ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 100 AZN olan şirkətin hüquqi ünvanı İsmayıllı rayonu Talıstan kəndində yerləşir. MMC-nin qanuni təmsilçisi Qasımov Seyfəli Şamil oğludur.
Araşdırmalarımız zamanı bəlli olub ki, “Nial Construction” MMC bir qayda olaraq İsmayıllı Rayon İcra Hakimiyyətinin keçirdiyi iriməbləğli tenderlərin qalibi olur.
Məsələn, bu ilin fevralında icra hakimiyyəti ümumi dəyəri 3,6 milyon AZN təşkil edən bir neçə tender keçirib. Bu tenderlərdən birinin qalibi “Nial Construction”dur. İcra hakimiyyəti şirkətlə 383 000 AZN-lik müqavilə bağlayıb.
2019-ci ildə isə İsmayıllı Rayon İcra Hakimiyyəti zəlzələ nəticəsində ziyan görmüş vətəndaşların evlərinin təmiri məqsədilə “Nial Construction” MMC ilə maliyyə dəyəri 990 000 AZN olan müqavilə imzalayıb.
Şirkətin qanuni təmsilçisi Seyfəli Qasımova gəlincə, açıq mənbələrdə onun barəsində yalnız 2017-ci ildə İsmayıllı Rayon Pilot Məşğulluq Mərkəzinin inzibati binasında “Əmək yarmarkalarının təşkili və keçirilməsinin əhəmiyyəti” mövzusunda keçirilən dəyirmi masada iştirakı barədə məlumata rast gəlinir.