Şuşaya yeni yolun tikintisinə Türkiyə şirkətləri cəlb edildi

ÖLKƏ
13:18 / 02.12.2020
1554

Şuşa şəhərinə yeni tikilən yolun inşası davam etdirilir.

HİT.Az Trend-ə istinadən xəbər verir ki, bunu Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin Mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli deyib.

O bildirib ki, hazırda ərazidə torpaq işləri həyata keçirilir: "Yeni yol genişləndirilir, yol yatağı inşa olunur. Hazırda yol 5 hissə üzrə bölünərək inşa olunur. Həmin 5 hissə üzrə işlərə Türkiyənin 2 şirkəti və 1 yerli şirkət cəlb edilib. Həmçinin Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin canlı qüvvə və texnikaları da yolun tikintisini həyata keçirir".

Qeyd edək ki, Füzulinin Əhmədbəyli kəndi ərazisindən başlayaraq Füzuli şəhərindən keçməklə Tağaverdi və Daşaltı ərazilərini əhatə edərək Şuşa şəhərinə çəkiləcək yol 3 gediş və 3 gəliş olmaqla 6 hərəkət zolağından ibarət olacaq. Yolun əsas hissəsi 4 zolaqlı olacaq. 2 hərəkət zolağı isə xidməti yol olacaq. Həmin 2 zolaq yük avtomobilləri və xüsusi texnikaların hərəkəti üçün hesablanıb. 101,5 kilometr uzunluğu olan yolun tam tikintisinin yekunlaşması 1 il 6 aya nəzərdə tutulub. Amma bu o demək deyil ki, il yarım müddətə qədər həmin yolda hərəkət olmayacaq. Yol tədricən tikildikcə hazır olan ərazilər istifadəyə veriləcək.

0