Ən çox həkim maşınlarına atəş açırdılar - Həkim qazi

ÖLKƏ
12:51 / 03.12.2020
765

İkinci Qarabağ döyüşlərinin iştirakçılarından olan həkimlərimizin torpaqlarımızın azad olunmasındakı rolu danılmazdır. 

Lənkəran Müalicə Diaqnostika Mərkəzinin həkimlərindən olan Elpay Şükürov Qarabağda əməliyatlar başlayan kimi həkim zabit olaraq oraya yollanır. O, Füzuli-Xocavənd istiqamətində gedən döyüşlərdə iştirak edib. 

"Bütün həkim heyəti olaraq tapşırığı vaxtında, sürətlə həyata keçirirdik ki, dəqiqələri itirməyək, daha çox yaralı xilas edək. Biz özümüz yaralını xəstəxanaya aparmırdıq ki, daha çox yaralı əsgərə kömək edək.  Düşmən ən çox yaralıya köməyə gələnə atəş açırdı. Ən çox da yemək aparan, həkim maşınlarını vururdular. Buna baxmayaraq, həkimlərimiz heç nədən qorxmadan səngərə qədər gedirdi. Bu cür vətənpərvər ordunun qarşısında heç bir düşmən dura bilməzdi. Mən çox sevinirəm ki, vətənpərvərlik ruhunda nəsil yetişdirmişik. Yaralı əsgərlərimizin bir istəyi var idi ki, məni dostlarımdan aralama. İlk gündən bilirdik ki, dövlətimiz ailəmizin yanında olacaq. Bu baxımdan hamı rahat idi. Ən sevincli anlarımız torpaqlarımızın bir-bir alınması idi. Axı bu proses gözümüzün qabağında baş verirdi", - həkim qazi bildirib.  

Elpay həkim oktyabrın 25-də mərmi partlaması nəticəsində yaralanıb. 28 gün yaralı əsgərləri təxliyə edən həkim qeyd edib ki, özü yaralananda sona qədər gedə bilmədiyi üçün təəssüflənib. 

Həkim qazimiz həmçinin yenidən orduya qayıtmaq və bu dəfə xilas etdiyi əsgərləri qucaqlamaq üçün getmək istədiyini bildirib. 

0
"MediaPost"