30 illik Qarabağ münaqişəsinə, rayonlarımızda erməni işğalına son verildikdən sonra Azərbaycanın ərazi bütövlüyü bərpa olundu.
Bu ərazilərdə yaşayış bərpa edildikdən sonra hər sahədə olduğu kimi futbol sahəsində də canlanma olacaq.
AFFA hələ noyabrın əvvəlində Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı rayonlarını və Şuşa şəhərini təmsil edən komandaların 2021/2022 mövsümündən Region Liqası turnirində iştirak edəcəyini, həmçinin, həmin klubların federasiyanın təşəbbüsü ilə yaradılacağı ilə bağlı bəyanant yayıb.
Ancaq bugünkü mövzumuz gələcək yox, keçmişlə bağlıdır.
Fanat.Az işğalaqədərki dövrdə Qarabağ bölgəsində futbolun hansı səviyyədə inkişaf etdiyini, rayonları təmsil edən hansı klubların olduğunu araşdırıb.
Aydın məsələdir ki, həmin dönəmdə medianin bugünkü kimi yüksək imkanları olmadığı üçün arxivi araşdıranda ətraflı məlumata rast gəlmək olmur. Ona görə də bu məsələdə futbol ictimaiyyətinin tanınmış simalarının köməyindən faydalandıq.
Tanınmış futbol mütəxəssisi, sabiq FİFA referisi Tahir Süleymanovu dinləyək: "1988-ci ildən vəziyyət gərginləşməyə, müharibə alovlanmağa başladı. SSRİ dönəmində İttifaq yarışlarından əlavə daimi Azərbaycan çempionatları keçirilirdi, I və ll liqalar. Birinci dəstənin qalibi, Azərbaycan çempionu, ölkəni SSRİ çempionatının ll liqasında təmsil etmək hüququ qazanırdı. Vaxtilə Qarabağ bölgəsindən iki komanda bu uğura imza atıb: "Qarabağ" Xankəndi və "Qarabağ" Ağdam. Ümumilikdə isə bütün rayonların komandaları liqalar və zona yarışlarında təmsil olunurdular. Müharibənin qızğın çağında belə, "Ərgünəş" Füzuli, "Xudafərin" Cəbrayıl komandaları Azərbaycan çempionatının l dəstəsində təmsil olunurdular. Top-tüfəng altında, dolu tribunalar önündə Ağdam, Füzüli, Cəbrayıl stadionlarında oyunlar keçirilirdi. Liqalardan əlavə lll liqa əvəzi zona yarışları keçirilirdi. Qaliblər final mərhələsində ll liqaya vəsiqə uğrunda mübarizə aparırdılar. Bu yarışlarda işğaldan azad edilmiş bütün rayonlarımız, Zəngilan, Kəlbəcər, Qubadlı, Laçın iştirak edirdilər. Hətta Xocalı komandası belə müharibə gedə-gedə liqada çıxış edib. Uşaq yarışları da öz yerində. Müstəqil işlərimizdə, işğaldan sonra rayonlarımız müxtəlif komanda adları ilə yarışlarda çıxış ediblər. "Həkəri" və sair".
Hələ illər əvvəl özü də bu mövzu araşdırdığını deyən idman jurnalisti Anar Xanlarov isə bunları söylədi: "Peşəkar səviyyədə 3 komanda olub - "Qarabağ" Ağdam, "Qarabağ" Xankəndi, bir də "Xudafərin" Cəbrayıl. Hansı ki, minimum ölkə çempionatında oynayıblar. Cəbrayılın "Böyük Mərcanlı" komandası 1992-ci ildə I dəstədə də çıxış edib, amma 7 turdan sonra müharibə səbəbindən çıxışını dayandırıb. Füzulidə "Tufan", Zəngilanda "Sünbül" adlı Respublika səviyyəli həvəskar komandalar olub. Qubadlıda "Həkəri" komandası olub. İşğaLdan sonra həm Həvəskarlar Liqasında, həm də I Divizionda çıxış edib. Mən özüm Həvəskarlar Liqasında oynayanda, o komandada oynamışam və 2003-cü ildə ölkə çempionu olmuşuq".
Qeyd edək ki, Gənclər və İdman Nazirliyi azad edilən ərazilərdə işğaladək mövcud olmuş idman obyektlərinin siyahısını hazırlayıb. Bildirilir ki, ermənilər tərəfindən Zəngilan, Ağdam, Qubadlı, Kəlbəcər, Şuşa və Laçında ümumilikdə 37 idman qurğusu və ayrı-ayrı kəndlərdə 146 idman meydançası dağıdılıb. Siyahıda Səməd Vurğun adına Zəngilan şəhər stadionu, Ağdamın "İmarət" stadionu, Qubadlı şəhər stadionu, Kəlbəcər şəhər stadionu, Şuşa şəhər stadionu və Laçın şəhər stadionu da yer alıb.