"Qarabağ" Avropa Liqasının qrup mərhələsində "Makkabi" ilə matçdan geri döndükdən sonra Peşəkar Futbol Liqasının tələblərinə əsasən Premyer Liqanın XII turunda qarşılaşacağı "Qəbələ" ilə matçın hazırlıqları çərçivəsində növbəti dəfə koronavirus testindən keçib.
HİT.Az xəbər verir ki, daha 5 oyunçunun nəticəsi müsbət çıxıb.
Qara Qarayev, Emil Balayev, İsmayıl İbrahimli, Toral Bayramov və Kevin Medinada koronavirus aşkarlanıb.
Bildirilir ki, daha öncə koronavirusa yoluxan Mahir Emreli və Abbas Hüseynov da müalicələrini davam etdirir.
Milli komandanın heyətində Lüksemburqda koronavirusa yoluxmuş Maksim Medvedev isə müalicəsini tamamlayaraq Bakıya qayıdıb.