İşğaldan azad olunmuş torpaqlarla bağlı TƏKLİF: “Türkiyə ilə birlikdə...”

İQTİSADİYYAT
14:01 / 05.12.2020
1739

"Türkiyə ilə birlikdə işğaldan azad olunmuş torpaqlarımzı əhatə edən xüsusi iqtisadi zonanın yaradılması məqsədəuyğun olardı. Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında quru dəhlizin olacağını nəzərə alsaq, bu, bölgəyə daha çox sərmayənin cəlb olunmasına imkan yarada bilər".

HİT.Az xəbər verir ki, bu təkliflə Milli Məclisin deputatı Vüqar Bayramov çıxış edib. Deputatın fikrincə, Azərbaycan və Türkiyə əlaqələrinin yeni mərhələdə daha da genişləndirilməsi məsələləri də əsas prioritetlərdəndir:

"Dekabrın 8-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana gələcək. Türkiyə İkinci Qarabağ Savaşında ölkəmizə ən güclü siyasi dəstək verən ölkə idi və bu dəstək indi də davam edir. Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar qısa müddət ərzində türk hərbçilərinin Qarabağda qurulan monitorinq mərkəzində vəzifələrini yerinə yetirməyə başlayacaqlarını deyib. Buna görə də, qardaş Türkiyə bizimlə birlikdə olmaqda davam edəcək. Azərbaycan və Türkiyə hər zaman birlikdə olacaq və buna əminəm ki, heç kimin buna şübhəsi də yoxdur. 2019-cu ildə iki ölkə arasında ticarət dövriyyəsi 4 milyard 405 milyon dollar olub. Bütövlükdə, son illər Azərbaycan ilə Türkiyə arasındakı ticari əlaqələrdə artan tendensiya müşahidə olunub. Belə ki, ötən il ticarət dövriyyəsi əvvəlki il ilə müqayisədə 33 faiz 2017-ci il ilə müqayisədə isə 73 faiz artıb. Belə ki, ümumi ticarət dövriyyəsi 2018-ci ildə 3 milyard 403 milyon dollar, 2017-ci ildə isə 2 milyar 667 milyon olub. 2017-ci ildən etibarən Azərbaycan Türkiyə ilə xarici ticarət dövriyyəsində hər zaman müsbət saldoya malik olub. 2019-cu ildə bu saldo rekord şəkildə artaraq 1 milyard 200 milyon dollara çatıb".

Vüqar Bayramov qeyd edib ki, son illər Azərbaycan Türkiyə iqtisadiyyatına ən çox investisiya yönəldən ölkələrdən birinə çevrilib:

"Azərbaycan Türkiyə iqtisadiyyatına 15 milyard dollardan çox, Türkiyə isə Azərbaycan iqtisadiyyatına 12.5 milyard dollar investisiya yatırıb. İmzalanmış müqavilələri nəzərə aldıqda Azərbaycanın Türkiyə iqtisadiyyatına sərmayə qoyluşu yaxın zamanlarda 20 milyard dollaradək yüksələcək. Göründüyü kimi, son illər bütün iqtisadi istiqamətlərdə iki ölkə arasında əməkdaşlığın güclənməsi müşahidə olunub".

Vüqar Bayramov qeyd edib ki, yeni mərhələdə Azərbaycan ilə Türkiyə arasında əlaqələrin daha da genişləndirilməsi əsas hədəflərdəndir:

"Bu baxımdan, daha məqsədəuyğun olardı ki, Preferensial Ticarət Sazişində uyğun olaraq hər iki ölkə arasında həm kvota, həm də rüsumun sıfıra endirilən malların siyahısı genişləndirilsin. Son saziş 15 mal qrupunu əhatə edir. Bütövlükdə, ölkələrin mərhələli şəkildə qarşılıqlı xarici ticarətdə bütün mallar üzrə kvota və rüsumları sıfıra endirməsi daha məqsədəuyğundur".

0