“Xaloğlum ordadır” deyib, ermənilərin içinə girdi - VİDEO

ÖLKƏ
13:40 / 07.12.2020
2866

Qarabağın işğaldan azad olunması uğrunda gedən döyüşlərdə qəhramancasına vuruşaraq şəhid olan hərbçilərimizdən biri də Oğuz rayonu, Xaçmaz kənd sakini 26 yaşlı Orxandır.

Axar.az xəbər verir ki, Orxan Rəşid oğlu Rəhimli 1994-cü ilin aprelin 28-də anadan olub. Orta təhsilini uğurla bitirən Orxan 2011-ci ildə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinə daxil olub. Universiteti də uğurla başa vurduqdan sonra hərbi xidmətə yollanıb.

Getdiyi bütün yerlərdə özünə dost tapmağı bacarırdı Orxan, deyən-gülən, şən biri kimi xatırlayır dostları onu.

Hər zaman üzündə gülüş olsa da, daxilində qəbul etmədiyi onu üzən hadisələrdə az olmamışdı. Belə ki, illər öncə 2 əmisini eyni qəzada itirən şəhidimiz bir il deyildi ki, atasını da son mənzilə yola salmışdı.

O, bütün çətinliklərə baxmayaraq, ruhdan düşmür, ailəsi ilə birlikdə yeni ev tikir. Ana və nənəsi gözlərinin ağı-qarası bircə oğulları üçün toy etmək arzusu ilə yaşayırlar, Orxanın şəhid olacağı ağıllarına da gəlmir.

Həmin gün isə gəlir. Orxan 29 sentyabr 2020-i ildə Qarabağ savaşına qatılır.

Müxtəlif istiqamətlərdə döyüşlərdən sonra son istiqamət Şuşa olur.

Orxan Oğuz rayonundan onunla birlikdə müharibəyə gedən Təbriz Cumuzadə, Rəvan Lətifov və Elşən Əhmədli birlikdə böyük qəhrəmanlıq göstərərək, Şuşa uğrunda mərd-mərdanə vuruşur.

Xidmət yoldaşları danışır ki, gedən döyüşlər zamanı Orxan yaralansa da, onu döyüş meydanından uzaqlaşdıra bilməyiblər. Yaralı-yaralı döyüşə davam edib və şəhid olmuş yoldaşlarının qisasını almaq üçün ermənilərin üstünə gedib. İkinci yaradan sonra o, Şəhid olub.

Başqa bir yoldaşı isə danışır:

“Orxan yaralanmışdı, biz geri çəkilməli idik. Bizdən 100-150 metr qabaqda bizlə birlikdə olan əsgər yoldaşlarımız var idi. Onlarla əlaqə kəsilmişdi. Kömək gələnə qədər geri çəkilməli idik, lakin Orxan “mənim orda dostlarım, yoldaşlarım, doğma xalam oğlu var axı, mən xalama nə cavab verərəm” deyərək getdi qabağa, sonrasından isə xəbərim olmadı, mən də yaralı idim”.

Yoldaşları həmçinin danışır ki, təkbaşına bəlkə də onlarla ermənini məhv edib. O qədər cəsur, o qədər mərd olub ki, son nəfəsinə kimi bir addım belə geri çəkilməyib.

Allah Orxanın timsalında vətən uğrunda canından keçən bütün Şəhid qardaşlarımıza rəhmət eləsin!

0