Rusiyanın Azərbaycana pomidor və alma qadağası nə ilə bağlıdır? - ŞƏRH

SİYASƏT
13:43 / 09.12.2020
2348

Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidməti (Rosselxoznadzor) dekabrın 10-dan etibarən Azərbaycandan Rusiyaya pomidor və alma idxalını qadağan etdiyini açıqlayıb. Rosselxoznadzor bu qərarını idxal olunan məhsullarda Cənubi Amerika pomidor güvəsi və şərq almaqurdu aşkarlaması ilə izah edir. Qurumun açıqlamasında "bu baxımdan, fitosanitar vəziyyəti qorumaq, bu zərərvericilərin Rusiya Federasiyası ərazisinə gətirilməsinin və yayılmasının qarşısını almaq üçün Rosselxoznadzor 10 dekabr 2020-ci ildən etibarən Rusiyaya Azərbaycandan pomidor və alma idxalını qadağan etmək məcburiyyətində qalır”, - deyə qeyd olunur.

HİT.Az-ın xəbərinə görə, ABŞ-ın Rutgers Universitetinin professoru, iqtisadçı ekspert Qubad İbadoğlu mövzunu şərh edərkən bildirib ki, Rusiya bazarına Azərbaycandan pomidor və almanın buraxılmaması təzyiq vasitəsidir.Onun sözlərinə görə, Rusiya bazarı Azərbaycan üçün qeyri-neft məhsullarının əsas ixrac bazarıdır. Bu bazara göndərilən kənd təsərrüfatı məhsulları arasında pomidor və alma xüsusi yer tutur:

"Yalnız pomidor ixracı il ərzində Azərbaycana 150 milyon ABŞ dollarından çox gəlir gətirir. Azərbaycan iş adamları Rusiya bazarında pomidorun tədarük həcminə görə birinci yerdədir. Belə ki, Rusiyanın Federal Gömrük Xidmətinin məlumatına görə, 2019-cu ildə Azərbaycan bu ölkəyə 172,359 min ton (bu məhsulların ümumi idxalının 30,9%-i) təzə və dondurulmuş pomidor idxal edib". 

Q.İbadoğlu hesab edir ki, Rusiyanın bu qərarı dekabrın 10-da Bakıda keçiriləcək hərbi paradla əlaqəlidir:

"Azərbaycan ordusu tərəfindən  qənimət  kimi ələ keçirilən hərbi texnikalar yalnız Rusiyanın  istehsalıdır və onların paradda nümayişi  Rusiya hərbi sənaye kompleksini nüfuzdan salır. Odur ki, pomidor və alma qadağasını qələbə paradının əleyhinə olan Rusiyanın cavabı kimi də qəbul etmək olar".

4