Azərbaycanda ilk hərbi parad nə vaxt olub? 

ÖLKƏ
10:26 / 10.12.2020
1523

Dünyada ilk hərbi paradların keçirilməsi mərasimlərinə qədim Misir və Roma tarixində rast gəlmək mümkündür. Hərbi əsgərlərin və sərkərdələrin şəhərin paytaxtına təntənəli daxil olması qədim Romada  daha da təntənəli olurdu. XVIII əsrdən başlayaraq Qərbi Avropa ölkələrində, həmin əsrin sonlarından isə Rusiyada hərbi paradlar keçirilməyə başladı.

Yaşadığımız Sovet İttifaqında ildə iki dəfə  möhtəşəm hərbi parad keçirilirdi:biri hər ilin noyabrın 7-də və Oktyabr Sosialist İnqilabının qələbəsinə həsr edilirdi.İkincisi, mayın 9-da faşizm üzərində qələbə münasibəti ilə keçirilirdi.

 Qeyd edək ki, 1968-ci ilə qədər Mayın 1-də – yəni dünya Zəhmətkeşlərinin Həmrəyliyi münasibəti ilə də hərbi parad keçirilsə də, sonradan sonradan 9 May tədbirinə üstünlük verildi.
 
Azərbaycan da ilk hərbi parad 1918-ci ilin sentyabrın 16-da Bakı şəhərində keçirilib.Bakını və ətraf bölgələri erməni və digər xəyanətkar ünsürlərdən azad edib sentyabrın 15-də Bakıya daxil olan Qafqaz İslam Ordusu qəhrəman Nuru Paşanın başçılığı altında o dövr üçün çox təsirli bir hərbi parad keçirdi.Sentyabrın 16-da başda Nuru Paşa və fədakar Türk əsgərləri(müəyyən sayda Azərbaycan əsgərləri də)indiki Bakı Dövlət Universitetinin ərazisindən(o zaman bura Qırmızı Qışla adlanırdı) Biləcəriyə qədər olan yolla gedərək ilk hərbi parad keçiridilər.

 Azərbaycan Cümhuriyyəti dövründə ikinci parad 1919-cu ilin aprelin 5-də keçirildi.Həmin günü Azərbaycan ordusu ilk dəfə olaraq təntənəli mərasimlə İndiki İstiqlaliyyət küçəsində hərbi parad keçirdi.Arxivimdə qalan o paradın yeganə fotosundan məlum olur ki, Bakı sakinləri küçələrə çıxıb Azərbaycan əsgərini böyük bir sevgi ilə salamlayırlar.O dövrün tanınmış şairəsi olan Xədicə xanım isə Azərbaycan əsgərinə belə misralarla başlayan şeir yazmışdı:”Xoş o anaya ki, əsgər olmuş övladı...”. 

Azərbaycan Cümhuriyyəti dövründə üçüncü hərbi parad 1919-cu ildə keçirildi.Bu haqda o dövrdə böyük mütəfəkkir Üzeyir Hacıbəylinin redaktorluğu ilə nəşr edilən  “Azərbaycan” qəzeti yazırdı: “Qarabağın həyatında daha əlamətdar hadisə: bu, 29-30 iyul günləri oldu. Bu günlərdə Qarabağ özünün ən əziz və sevimli qonaqlarını −  Gəncə qubernatoru Rəfibəyovun müşaiyət etdiyi Baş Nazir N.Yusifbəylini və Hərbi Nazir S.Mehmandarovu qəbul etmək sevincini yaşadı. Qonaqlar iyulun 29-da Xankəndinə gəldilər, orada qoşunların paradı oldu. Paradı Baş Nazir N.Yusifbəyli qəbul etdi. İyulun 30-da əziz qonaqlar Şuşaya gəldilər. Şəhərdə qonaqlar ruhanilər və əhali tərəfindən duz-çörəklə qarşılandılar. Sonra qonaqlar Azadlıq meydanına gəldilər və burada ruhanilər və əhali tərəfindən nitqlər söylənildi. Cavab nitqi söyləyən Baş Nazir müsəlmanların başqa millətlərin nümayəndələri ilə dinc yanaşı yaşamalarının zəruriliyindən danışaraq qeyd  etdi ki, bunsuz Azərbaycanın rifahı mümkün deyil!”(Bax: “Azərbaycan” qəzeti. 3 avqust 1919-cu il).

 Azərbaycan müstəqillik əldə etdikdən sonra ilk hərbi parad Azərbaycan Xalq Cəbhəsinin hakimiyyətdə olduğu 1992-ci ildə keçirildi, prezident Ə.Elçibəy və digər dövlət rəsmiləri paradda iştirak etdi.

Azərbaycanın müstəqilliyi dövründə keçirilən ən möhtəşəm parad 2018-ci ildə Bakının Qurtuluşunun  100 illik yubileyində oldu.Azərbaycan Respublikasının Prezidenti İ.Əliyev və Türkiyə Cümhuriyyətinin Cümhurbaşqanı R.Ərdoğanın iştirakı ilə Bakı şəhərində tarixi parad keçirildi.

Bu gün Azərbaycanda daha möhtəşəm bir hərbi paradın keçirilməsi gözlənilir.İlk dəfədir ki, 30 illik erməni işğalından torpaqlarımızı azad etdikdən sonra Azərbaycanda hərbi parad keçirilir.

Yenə əlamətdar hadisədir ki, bu hərbi paradda Azərbaycan Prezidenti ilə yanaşı Türkiyənin Cümhurbaşqanı sayın Rəcəb Tayyib Ərdoğan da iştirak edəcək.Bu hər zaman bizə və qələbəmizə dəstək olmuş qardaş dövlətin  xalqımıza sevgisinin tarixi bağlılığının  dəyərli göstəricisidir.Bu həm də Qarabağ döyüşlərində Vətən torpaqlarının erməni düşmənlərindən azad olunmasında özünü fəda etmiş şəhidlərimizin ruhuna  və bu qələbənin əsas təminatçısı olan Azərbaycan əsgərinə böyük bir ehtiramdır.

Nəsiman Yaqublu

0