Deputatdan təklif: “PUA-ya abidə qoyulsun”

SİYASƏT
14:12 / 11.12.2020
1106

44 günlük Vətən Müharibəsində qələbəmizin şərəfinə bir sıra mühüm addımlar atılır. Eyni zamanda qələbəni simvollaşdırmağa xidmət edən təkliflər də irəli sürülür. Deputat Elman Nəsirov Musavat.com-a açıqlamasında maraqlı təkliflər irəli sürüb.

Elman Nəsirov təklif edib ki, Zəfər Parkı açılsın: “Cənab Prezident İlham Əliyev söylədi ki, Vətən müharibəsinin gedişatında dostlarımızı da, özlərini dost kimi aparmayanları da gördük. Bax bu kontekstdə istərdim bir təklifimiz irəli sürüm. Prezident İlham Əliyevin dekabrın 3-də imzaladığı sərəncamla Bakı şəhərində Vətən Müharibəsi Memorial Kompleksi və Zəfər Muzeyi yaradılacaq. Bu istiqamətdə işlərə başlanılıb. Mən təklif edirəm ki, ölkəmizdə Zəfər Parkı da açılsın. Bu, dünya praktikasında da var qalib dövlətlər bu addımı atırlar. O dövlətlər ki, bu 44 günlük müharibənin gedişatında Azərbaycana siyasi, mənəvi dəstək verib Zəfər Parkında məhz həmin dövlətlərin bayrağı ucaldılsın. Eyni zamanda şəhidlərin xatirəsinə Zəfər Parkında 2783 ədəd ağac əkilsin”.

Deputatın daha bir maraqlı təklifi hərbi texnikalara abidə qoyulması ilə bağlıdır: “Dünya praktikasında var, xüsusilə faşizm üzərinə qələbədən sonra Sovet İttifaqının bir çox şəhərlərində hərbi texnikalara da abidələr ucaldılmışdı. Məsələn, tankla, topla, katyuşa ilə bağlı heykəllər ucaldılıb. Mən çox istərdim bizim Zəfər Parkında pilotsuz uçuş aparatının-PUA-nın da abidəsi qoyulsun. Cənab Prezident də çıxışında bildirdi ki, bizim hərbi uğurlarımızda, qələbimizdə PUA-ların ciddi rolu oldu. Mən də hesab edirəm ki, PUA qələbənin simvollarından birinə çevrilib. Təbii ki, döyüş meydanında qələbəni qazanan bizim əsgərlərimiz, zabitlərimizdir. Amma eyni zamanda yeni nəsil silahların da rolunu vurğulamaq, simvollaşdırmaq lazımdır”.

11
Yeni Müsavat