Nazirin işdən qovduğu şəxslə dövlət qurumu müqavilə bağladı

İQTİSADİYYAT
18:32 / 11.12.2020
1177

Səbail Rayon Mənzil Kommunal Təsərrüfat Birliyi "Star Construktion-12” QSC müqavilə imzalayıb. 

Hit.Az Yenisabah-a istinadən xəbər verir ki, müqaviləyə əsasən QSC rayon ərazisində asfalt örtüyünün təmir işlərini həyata keçirməlidir. Bunun müqabilində qurum şirkətə 344 min 904 AZN ödəyəcək.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarında göstərilir ki, "Star Construktion-12” QSC 04 mart 2016-cı il tarixdə MMC kimi qeydiyyata alınıb.  2018-ci ildə isə təşkilati-hüquqi formasını dəyişərək Qapalı Səhmdar Cəmiyyətinə çevrilib.

Nizamnamə kapitalı 2050 AZN olan şirkətin hüquqi ünvanı Bakı şəhəri Binəqədi rayonu, Binəqədi şossesi, ev 53-də yerləşir. QSC-nin qanuni təmsilçisi isə Bayramov Mirsahib Atamalı oğludur.

Mirsahib Bayramov keçmiş məmurdur. O, əvvəllər Bakı Şəhər Təhsil İdarəsində təchizat şöbəsinin rəisi vəzifəsində işləyib. Hazırda İqtisadiyyat naziri olan Mikayıl Cabbarov Təhsil naziri olduğu dövrdə Mirsahib Bayramovu vəzifəsindən azad edib. Məlumatlara görə, buna səbəb keçmiş şöbə rəisinin yarıtmaz fəaliyyəti olub.

Mirsahib Bayramov vəzifəsini itirdikdən sonra "Star Construktion-12”QSC-yə rəhbərlik etməyə başlayıb.

Maraqlıdır ki, bu şirkət yarandığı 3 ay ərzində Bakı Şəhər İcra Hakimiyyətindən tutmuş Ucar rayon mədəniyyət idarəsinədək çoxsaylı dövlət qurumlarının keçirdiyi 27 tenderdən qalib ayrılıb.

Şirkət 2017-ci ildə Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin Yasamal, Sabunçu və Xətai rayon Mənzil-Kommunal Təsərrüfatı Birliklərinin, Bakı Şəhər Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq Evləri İdarəsinin, Ucar Rayon Mərkəzi Xəstəxanasının və mədəniyyət və turizm şöbəsinin, eləcə də M.F.Axundov adına Milli Kitabxananın çoxsaylı tenderlərinin qalibi olub.

2019-cu ildə isə Azərbaycan Milli Arxiv İdarəsi sözügedən QSC ilə əsaslı təmir işlərinin icrasına dair maliyyə dəyəri 888 min 155  AZN olan müqavilə imzalayıb.

2020-ci il də "Star Construktion” üçün məhsuldar olub. Şirkət bu ilin təkcə noyabr ayında 8 tenderin qalibi olub.  

Tenderlərin ümumi maliyyə dəyəri 1 milyon manata yaxındır.

"Star Construktion” QSC həm də Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyində fəaliyyət göstərən "Bakı şəhər Əsaslı Tikinti və Təmir” MMC-nin paytaxtda abadlıq və təmir-tikinti işlərinin həyata keçirilməsi ilə bağlı tenderlərin qalibi olub. Şirkət 2020-ci ilin 3 ayında "Bakı şəhər Əsaslı Tikinti və Təmir”  MMC-dən ümumi dəyəri  22 569 688 manat olan dövlət sifarişi alıb.

0