Millimizin baş məşqçisinin atası və bacısı koronavirusdan öldü - FOTOLAR

ÖLKƏ
15:44 / 12.12.2020
1348

17 yaşadək qızlardan ibarət Azərbaycan millisinin baş məşqçisi Zamir Həsənov ağır itkilərlə üzləşib.

Bu barədə o sosial şəbəkədə qeyd edib. Bildirib ki, özü və ailəsi koronavirus pandemiyasından əziyyət çəkib:

“Noyabrın 19-da məndə test nəticələri pozitiv çıxdığından 14 günlük karantinə qapanmağa məcbur oldum. Mənimlə demək olar eyni vaxtda 40 ildən çox pedaqoji əməyi olan, şəxsən özümün də müəllim və yaxın dost hesab etdiyim atam - Mənsur müəllim, ardınca 43 yaşlı bacım - Mənsurə bu amansız xəstəliyə yaxalandılar. Vəziyyət gündən-günə ağırlaşdığından hər üçümüz xəstəxana şəraitində müalicə almalı olduq”.

Həsənovun atası və bacısı koronavirusla mübarizədə vəfat edib:

“Noyabrın 25-də atamın vəziyyəti anidən ağırlaşdı və haqqın dərgahına qovuşdu. Mənə ən çox əzab verən bundan 2 gün sonra xəbər tutmağımdır. Təəssüf ki, son mənzilə atamı çiyinlərimdə yola sala bilmədim. Bacım Mənsurə də dekabrın 8-də bizim dərdin üzərinə dərd gətirdi. Atamızı bu dünyada olduğu kimi o dünyada da tək buraxmadı, o da bu həyatdan köçdü. Cəmi 13 gün aralıqla çox doğma adamlarımı itirdim.

Belə uzun təfərrüatı ilə yazmaqda məqsədim ətrafımda bu xəstəliyi hələ də ciddiyə almayanların olmasıdır. Xəstəxananın çölündə içəri düşmək üçün yalvaranları gördüyümdən, içəridə isə kömək üçün yalvarıcı baxışlarla həkimlərə zillənən gözləri hələ də unuda bilməməyimdən özünüzü qorumağı xahiş edirəm. Qapınızdan içəri girməmiş ciddiyə alın bu bəlanı”.

1