Evdə koronavirus müayinələrinin ölümcül nəticələri ilə bağlı XƏBƏRDARLIQ

ÖLKƏ
12:13 / 15.12.2020
2557

Almaniya-Azərbaycan Radioloji və Neyroradioloji Cəmiyyətinin sədri, Köln Universiteti Klinikasının tibb elmləri doktoru, azərbaycanlı alim Nuran Abdullayev koronavirus xəstələrinin ev şəraitində Kompüter Tomoqrafiyası (KT) və rentgen müayinələrindən keçməsi ilə bağlı yayılan məlumatlara münasibət bildirib.

Koronavirus xəstələrinin ev şəraitində müayinə və müalicəsi ilə bağlı bəzi məqamlara aydınlıq gətirən azərbaycanlı alim “Report”a açıqlamasında bildirib ki, bu pasiyentlərin ev şəraitində KT və rentgen müayinələrindən keçməsinin heç bir elmi əsası yoxdur:

“Ev şəraitində mobil Kompüter Tomoqrafiyasından istifadə etmək texniki cəhətdən sadə bir şey deyil və ümumiyyətlə ev şəraitində onların COVID-19 xəstələrində tətbiqinə ehtiyac yoxdur. Bunun tətbiqinin Azərbaycanda artıq edildiyini mən dünən İTV kanalının “Sabaha saxlamayaq” verilişində qonaq olarkən digər qonaq həkimdən eşitdim. Düzünü desəm, dəqiq deyə bilmərəm ki, həmin həkim KT müayinəsi deyərkən doğrudanmı ev şəraitində Kompüter Tomoqrafiyası müayinəsini nəzərdə tuturdu, yoxsa o, sadə mobil rentgen müayinəsinə KT müayinəsi deyirdi.

Hər iki halda bu müayinələrin ev şəraitində praktiki olaraq istifadəsində heç bir tibbi göstəriş yoxdur. Bunu edən həkimlər və orta tibb işçilərinə göstəriş verən həkim-mütəxəssislər mütləq bilməlidirlər ki, bu cür rentgen şüaları xəstə insanın və hətta evdə olan digər insanların da orqanizmlərinə ciddi fəsadlar törədir. Bəzən bu fəsadlar illər sonra üzə çıxır.

Məsələn, uşaqlarda illər sonra müxtəlif qan xərçənglərinin yaranmasına səbəb olur. Ona görə də ev şəraitində müayinə zamanı bu məsələlər protokollarda mütləq nəzərə alınmalıdır və heç bir halda tətbiqinə icazə verilməməlidir”.

Tibb elmləri doktoru həmçinin koronavirus xəstələrinin ev şəraitində özünü müalicə ilə bağlı məlumatlara da münasibət bildirib:

“Ev şəraitində müalicə alan şəxslərin heç də hamısı bilmədən əllərinə keçən bütün dərmanları qəbul etmirlər, onlar müvafiq qurumlar tərəfindən diqqətsiz qaldıqlarına və nəticədə də əlacsız olduqlarına görə bunu edirlər. Xəstələrə bu şəkildə diqqət göstərmək isə tibbi xidmət sayılmır.

Koronavirus xəstələrinin sayının onları müalicə edən həkimlərin sayından çox olmasını, eləcə də səhiyyə müəssisələrinin dolmasını və artıq xəstələri qəbul edə bilməməsini təsəvvür etmək mənim üçün çox ağırdır. Mən bu cür səhiyyə sisteminin belə problemlərlə üzləşəcəyini hələ avqust və sentyabr aylarından dedim və ciddi xəbərdarlıq etdim.

Əgər vaxtında düzgün koordinasiya mexanizmi qurulardısa, bu problemlərin də aradan qaldırılmasına nail olmaq mümkün olardı. İndi də hesab edirəm ki, ev şəraitində müalicə olunan xəstələrə də xüsusi diqqət və nəzarət gücləndirilməlidir. Müdafiə Nazirliyi əsgərinin, Təhsil Nazirliyi şagirdinin qayğısına qaldığı kimi Səhiyyə Nazirliyi və TƏBİB də xəstələrinin qayğısına mütləq qalmalıdır”.

1