"Bu, Ermənistanı Azərbaycana dəymiş ziyana görə məsuliyyətdən azad etmir" 

SİYASƏT
19:27 / 16.12.2020
963

ABŞ-ın qeyri-hökumət tədqiqat təşkilatı olan "Jamestown Foundation" Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Ermənistanın Azərbaycana ödəməli olduğu təzminata dair hazırladığı məqalə yayımlayıb.

Məqalədə Ermənistan tərəfinin Azərbaycana vurduğu zərərin həcmi, ödənilməli olan təzminatın məbləği və Baş nazir Nikol Paşinyanın istefa tələblərinə yer verilib.

Məqalədə erməni vəkil Ara Qəzaryan və Ermənistanın keçmiş baş prokuroru və İrəvanın Avropa İnsan Haqları Məhkəməsindəki keçmiş nümayəndəsi Gevorg Kostanyanın təzminatla bağlı fikirləri önə çıxarılıb.

Belə ki, Ara Qəzaryan İrəvanın Bakının təzminat tələblərinə qarşı çıxmaq üçün kifayət qədər hüquqi dəlillərə malik olduğuna inandığını söyləyib: "Ermənistan və Qarabağ da 27 sentyabr 2020-ci il tarixində erməni yaşayış məntəqələrimizin bombalanması üçün təzminat tələb edə bilər". 

Lakin məqalədə bildirilib ki, Qarabağın beynəlxalq səviyyədə Azərbaycanın bir hissəsi kimi tanınması Qəzaryana gözlədiyi nəticəni verə bilməz.

Digər tərəfdən, Gevorg Kostanyan Azərbaycanın təzminat iddiaları barədə xəbərdarlıq edib və Nikol Paşinyanı əldə olunan üçtərəfli razılaşmanı imzaladığı üçün istefaya çağırıb:

"Paşinyan əlamətdar bəyanat imzaladıqdan sonra, Azərbaycan təzminat tələb edərək Ermənistana qarşı iddia qaldırmaq üçün qanuni əsaslara sahibdir. Azərbaycan işğal altındakı ərazilərdə maddi ziyanın ödənilməsi üçün Ermənistana qarşı iddia qaldırmağa iki il əvvəl başlamışdı. Bölgədə dəymiş zərəri hesablamaq üçün beynəlxalq təşkilat cəlb edildi. Azərbaycana vurulan ziyanın həcmi 50 milyard dollardan çox qiymətləndirildi. İrəvan 1994-cü il atəşkəs müqaviləsini münaqişənin cavabdeh tərəfi kimi deyil, zəmanətçi olaraq imzaladı, lakin Paşinyan üçtərəfli bir bəyanat imzaladıqdan və Ermənistan silahlı qüvvələrinin işğal olunmuş ərazilərdən çıxarılması barədə öhdəliklər götürdükdən sonra bu mövqe dəyişdi. İrəvan məhkəmələrdə həqiqi müdafiəyə sahib olmayacaq. Ermənistan 9 noyabrda üçtərəfli müqaviləni imzalamaqla son 30 ildir Azərbaycanın işğal olunmuş ərazilərinə nəzarət etdiyini birbaşa etiraf etdi. Azərbaycan 50 milyard dollar deyil, 100 milyard dollarlıq iddia qaldırsa belə, Ermənistanın buna etiraz etmək üçün heç bir qanuni əsası olmayacaq".

Məsələ ilə bağlı açıqlama verən deputat Vüqar Bayramov yaxın tarixdə dövlətlərarası müharibələrin sonunda təzminat ödənilməsi hallarının olduğunu qeyd edib: "Birləşmiş Millətlər Təşkilatı (Qərar 687) 1990-cı ildə Küveytin işğalı üçün İraqı 52,4 milyard dollar təzminat ödəməyə məcbur etdi. Əlavə olaraq, çox kasıb ölkələrdə beynəlxalq məhkəmələr tərəfindən verilən qərarlara uyğun olaraq kompensasiya öhdəliklərinə qismən və ya tamamilə əməl edirlər. Ermənistanın isə kasıb ölkə olması onu işğal nəticəsində Azərbaycana vurduğu zərərin ödənilməsi məsuliyyətindən azad etmir".

Məqalədə həmçinin qeyd edilib ki, Azərbaycan təzminat məbləğinin Kostonyanın təxminindən çox daha yüksək olacağını düşünür. Çünki mütəxəssis proqnozlarına görə, təzminat məbləği 100 milyard dollardan 1,3 trilyon dollar arasında dəyişir. Bir çox mütəxəssis qeyri-sabit iqtisadiyyatı olan Ermənistanın böyük bir problemlə üzləşəcəyinə əmindir.

0
Mediapost.az