Azərbaycanda gələn il qiymət artımı olacaq? - Mərkəzi Bank açıqladı

İQTİSADİYYAT
15:49 / 18.12.2020
1732

Dekabrda yenilənmiş proqnozlara görə inflyasiyanın 2020-ci ilin sonuna 3 faiz ətrafında, 2021-ci ilə isə 3,5-4 faiz diapazonunda formalaşacağı gözlənilir.

Mərkəzi Bankdan verilən məlumata əsasən, pandemiya ilə bağlı məcmu tələbin aşağı və məcmu buraxılışın kəsirli olduğu şəraitdə noyabrda 12 aylıq inflyasiya 2,4 faiz təşkil edib və bu da hədəf diapazonunun mərkəzindən aşağıdır.

Ərzaq inflyasiyası noyabrda 0,4 faiz, son 12 ayda isə 3,9 faiz təşkil edib. Ərzaq inflyasiyasının dinamikasına dünya ərzaq qiymətlərinin son 12 ayda 6,5 faiz artması da təsir göstərib.

İnflyasiyanın qeyri-ərzaq və xidmət komponentləri üzrə stabillik davam edir ki, bu da əsasən istehlak tələbinin azalmasından irəli gəlir. Qeyri-ərzaq məhsullarının qiymətləri son ayda 0,1 faiz, xidmətlər isə 0,9 faiz bahalaşıb. Qeyri-ərzaq məhsulları və xidmətlərin qiymətlərinin 12 aylıq dəyişimi müvafiq olaraq 1,2 faiz və 1,1 faiz təşkil edib.

Bildirilib ki, inflyasiya gözləntiləri sektorlar üzrə fərqli istiqamətlərdə dəyişir. Real sektor müəssisələri üzrə monitorinqin nəticələrinə görə noyabrda ötən aya nəzərən inflyasiya gözləntiləri qeyri-neft sənayesi (əsasən toxuculuq və tikiş altsektorları hesabına) və ticarət sahələrində azalıb, xidmət sektorunda artım meyilli olsa da neqativ zonada qalıb, tikinti sektorunda isə demək olar ki, dəyişməyib. Bütövlükdə bütün iqtisadi subyektlər üzrə inflyasiya gözləntiləri faktiki göstəricilərə yaxın formalaşıb. Dekabrda ev təsərrüfatları arasında aparılmış sorğuya görə növbəti 12 ay üzrə qiymətlərin daha yüksək templə artacağını gözləyən respondentlərin xüsusi çəkisi sentyabr ayı ilə müqayisədə 13 faiz azalaraq 12 faizə enib.

0